Boynu 90 dərəcə əyri olan qızın inanılmaz həyat hekayəsi

"O, yeriyə, yemək yeyə və danışa bilmirdi"

Pakistanda yaşayan Afsheen Gul adlı qızın boynu hələ körpə ikən keçirdiyi bədbəxt hadisə səbəbi ilə 90 dərəcə əyri qalıb. Bununla yanaşı serebral iflicdən də əziyyət çəkən Afsheenin həyatı hind bir həkimin ondan xəbərdar olması ilə dəyişib.
Aznews.az xarici mediaya istinadən xəbər verir ki, kasıb bir ailədə dünyaya gələn bu 13 yaşlı qızın ruhlandırıcı həyat mübarizəsini təqdim edir:
BBC-nin məlumatına görə, Pakistanın Sindh əyalətində yaşayan və yeddi övladın ən kiçiyi olan Afsheen Gul heç vaxt məktəbə getməyib və dostları ilə oynamayıb.

Çünki hələ 10 aylıq ikən evlərinin eyvanında bacısının qucağından yıxılıb. Yaşadığı bu qəza onun boynunu 90 dərəcə əyib. Ailəsinin onu dəfələrlə həkimə aparmasına, bəzi dərmanlar qəbul etməsinə və dəstək üçün boynuna bir kəmər taxılmasına baxmayaraq, balaca qızın vəziyyəti daha da pisləşib.

13 yaşındakı Afsheenin anası Jamilan Bibi "Qızım yeriyə, yemək yeyə və danışa bilmirdi. Yerdə yatırdı və biz də ona hər şeydə kömək edirdik. Daha yaxşı müalicəyə pulumuz çatmadı" deyib.

Bununla yanaşı, anası Afsheenin serebral iflicdən də əziyyət çəkdiyini bildirib. Buna görə də o, 6 yaşında yeriməyi, 8 yaşında danışmağı öyrənib və yaşıdlarından geri qalıb.

Afsheen, 12 il Karaçi şəhərindən təxminən 300 km uzaqlıqdakı - Mithidəki evində əzab dolu günlər yaşayıb, lakin mart ayında hind bir həkimin onun əyri boynunu təmənnasız və uğurlu şəkildə əməliyyat etməsi ilə həyatı dəyişib.

Əməliyyatdan dörd ay sonra, Afsheen nəhayət sərbəst şəkildə yeriməyə, danışmağa və yemək yeməyə başlayıb. Həkimi Dr. Krishnan sağalan qızın vəziyyətini hər həftə Skype vasitəsilə yoxladığını söyləyib.

Afsheenin qardaşı Yaqoob Kumbar isə "Hələ də zəifdir və məktəbə gedə bilmir, ancaq həkim bunun da zamanla düzələcəyini deyir. Çox xoşbəxtik ki, həkim bacımın həyatını xilas etdi. O bizim üçün bir mələkdir" deyə bildirib.

Nuray