Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri "Pautina" əməliyyatının detallarını açıqlayıb

Pilotsuz təyyarələrlə zərbələr nəticəsində 41 təyyarə, o cümlədən A-50, Tu-95, Tu-22 M3 və Tu-160 vurulub.

APA “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri general-leytenant Vasiliy Malyuk bildirib.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri bir il yarımdan çox “Pautina” xüsusi əməliyyatını hazırlayan işçi qrupuna rəhbərlik edib.

Malyukun sözlərinə görə, "Pautina" xüsusi əməliyyatı eyni vaxtda üç saat qurşağında baş verib və logistik baxımdan çox mürəkkəb olub: “Beləliklə, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya əvvəlcə FPV dronları göndərib, sonra isə mobil taxta evlər gətirilib. Artıq Rusiyanın ərazisində dronlar yük avtomobillərinə yüklənmiş evlərin damları altında gizlədilib. Lazımı məqam yetişəndə evlərin damı məsafədən idarəetmə ilə açılıb və dronlar Rusiya bombardmançı təyyarələrini məhv etmək üçün uçublar”.

O, tamamilə qanuni hədəfləri - hərbi aerodromları və Ukraynanın dinc şəhərlərini bombalayan təyyarələrin hədəf alındığını vurğulayıb.

“Buna görə də bizim tərəfimizdən Rusiya Federasiyasının real silahsızlaşdırılması baş verir, çünki biz məhz hərbi hədəfləri məhv edirik. Bizim zərbələrimiz Rusiya Federasiyasının ukraynalıları raket və “Şahed”lərlə terrora məruz qoyacağı qədər davam edəcək”, - Malyuk əlavə edib.

O qeyd edib ki, dronlar dərhal Rusiya Federasiyasının 4 hərbi aerodromunda – “Belaya”, “Dyaqilevo”, “Olenya” və “İvanovo”da hədəflər üzərində işləyib və plan sayəsində düşmən aviasiyasının əksəriyyəyini eyni anda vurmaq mümkün olub:

“Ümumiyyətlə, söhbət Rusiya Federasiyasının əsas aerodromlarında qanadlı raketlərin strateji daşıyıcılarının 34%-nin məhvindən gedir. Bu, sadəcə düşmən aviasiyasına sarsıdıcı zərbə deyil, Rusiya Federasiyasının gücünə və terrorçu mahiyyətinə ciddi zərbədir”.

Onun sözlərinə görə, düşmənin vurulmuş strateji aviasiyasının dəyəri təxminən 7 milyard ABŞ dollarından çoxdur. O, bu tarixi əməliyyatda iştirak edən bütün xidmət işçilərinə təşəkkür edərək, əməliyyatın bütün iştirakçılarının uzun müddətdir Ukraynada olduğunu vurğulayıb:

“Düşmən Ukraynanı cəzasız şəkildə və sonsuza qədər bombalaya biləcəyini və ukraynalıları öldürə biləcəyini düşünürdü, amma bu belə deyil. Rusiya terroruna cavab verəcəyik və düşməni hər yerdə - dənizdə, havada və yerdə məhv edəcəyik. Lazım gələrsə, yerdən də çıxacağıq”.

Malyuk deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski düşmən bombardmançılarını məhv etmək vəzifəsi qoyub və xüsusi əməliyyatın gedişatına şəxsən nəzarət edib.

AzNews.az