- Dünyanın halı
- 21:18
- 1 270
Rubio: Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanmasında böyük irəliləyiş əldə olunub

Vaşinqton və onun müttəfiqləri Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanmasında əhəmiyyətli irəliləyiş əldə ediblər.
"Aznews.az" xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio "ABC" telekanalına müsahibəsində bildirib.
"Prezident Tramp da bizə təhlükəsizlik zəmanətləri üzərində işləməyə dair göstəriş verib və biz böyük irəliləyiş əldə etdik. Alyaska görüşündən (Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında – red.) qısa müddət sonra Avropa liderləri Vaşinqtona gəldilər. Biz münaqişə bitdikdən sonra Ukraynanın gələcəyi üçün təhlükəsizlik təminatları üzərində işləmək barədə razılığa gəldik. Bunun üçün zəmin yaradılmasında inanılmaz irəliləyiş əldə etdik və bu istənilən danışıqlarda əsas rol oynayacaq", - o deyib.
Xatırladaq ki, Alyaska görüşündən sonra Tramp avqustun 18-də Vaşinqtonda Ukrayna lideri Volodimir Zelenski və Avropa liderləri ilə görüşüb. Amerika lideri həmçinin Putinə zəng edib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin və Tramp Moskva və Kiyev arasında birbaşa məsləhətləşmələrin davam etdirilməsinə dəstək ifadə ediblər və onların səviyyəsinin yüksəldilməsi ideyası da nəzərdən keçirilib.