Papuaşvili: Bu qələbə xalqla birgə qazandığımız tarixi uğurdur

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili yerli seçkilərdə qələbə münasibətilə xalqı təbrik edib.

Aznews.az xəbər verir ki, Papuaşvili bildirib ki, gürcü xalqı bir daha müstəqilliyini, dilini və imanını qorumaq iradəsini nümayiş etdirib.

"Biz vətənimizi, dilimizi, imanımızı qəlbimizdə daşıdıqca, müstəqilliyimizi qorumaq üçün qaya kimi dayandıqca, gürcü xalqı heç vaxt məğlub olmayacaq", – deyə Papuaşvili vurğulayıb.

Spikerin sözlərinə görə, seçkilərdə iştirak edən hər bir vətəndaş ölkənin demokratik inkişafına töhfə verib.

"Bu günlərdə hər cür təzyiqlərə, informasiya hücumlarına və manipulyasiya cəhdlərinə baxmayaraq, xalqımız bir daha sübut etdi ki, Gürcüstanın sərhədləri, müstəqilliyi və birliyi sarsılmazdır. Seçkilərə gedən, səs verən hər bir vətəndaşa təşəkkür edirəm. Bu qələbə xalqla birgə qazandığımız tarixi uğurdur", – deyə Papuaşvili qeyd edib.

O, çıxışını "Gürcü xalqı bir daha tarixini özü yazdı" sözləri ilə tamamlayıb.