ABŞ Konqresi 901 milyard dollarlıq müdafiə büdcəsi layihəsini təsdiqləyib

ABŞ Konqresi 2026-cı maliyyə ili üçün ölkənin hərbi büdcəsini rekord həcmdə – 901 milyard dollar məbləğində təsdiqləyib.

Aznews.az xəbər verir ki, səsvermə Senatda keçirilib və C-SPAN telekanalı tərəfindən işıqlandırılıb.

Qanun layihəsinə 77 senator lehinə, 20 senator isə əleyhinə səs verib.

Bundan əvvəl dekabrın 10-da Nümayəndələr Palatası da layihəni dəstəkləyib. Bununla, hərbi büdcə Konqres tərəfindən qəbul olunaraq Prezident Donald Trampın imzasına təqdim ediləcək.

Yeni büdcə ABŞ Prezidentinin təklifindən 8 milyard dollar çoxdur. Prezident Konqresdən 892,6 milyard dollar ayırmağı xahiş etmişdi. Bu məbləğ Pentaqonla yanaşı, müdafiə və təhlükəsizliklə bağlı digər agentlik və proqramların maliyyələşdirilməsini nəzərdə tutur. Əvvəlcə Nümayəndələr Palatası administrasiyanın təklifinə uyğun məbləği dəstəkləmiş, Senat isə büdcənin 925 milyard dollara qədər artırılmasını təklif etmişdi. Nəticədə kompromis variant üzərində razılıq əldə olunub.

Layihə, həmçinin 2026 və 2027-ci illərdə Ukraynaya dəstək üçün hər il 400 milyon dollar ayrılmasını nəzərdə tutur. Bundan əlavə, Pentaqon rəhbəri Ukraynaya kəşfiyyat məlumatlarının dayandırılması və ya tamamilə kəsilməsi barədə Konqresə hesabat vermək öhdəliyi daşıyacaq.

Qeyd edək ki, ABŞ-nin 2025-ci maliyyə ili üçün hərbi büdcəsi 30 sentyabrda başa çatıb və 884 milyard dollar təşkil edib.