Kamboca–Tailand sərhədində davam edən toqquşmalarda ölənlərin sayı 96-ya çatıb

Kamboca ilə Tailand arasında hərbi danışıqlara baxmayaraq davam edən sərhəd toqquşmalarında dekabrın 7-dən bu yana ümumilikdə 96 nəfər həyatını itirib.

Kambocanın dövlət agentliyi “Agence Kampuchea Pressenin” (AKP) məlumatına görə, Kamboca Müdafiə Nazirliyi bu gün səhər saatlarında Tailand ordusunun Banteay Meanchey vilayətində yerləşən bir kəndi artilleriya atəşinə tutduğunu və hücum nəticəsində bir Kamboca vətəndaşının öldüyünü açıqlayıb.

Kamboca Daxili İşlər Nazirliyinin bəyanatında isə dekabrın 7-dən bəri davam edən toqquşmalarda ölənlərin sayının 31-ə, məcburi köçkünlərin sayının isə 610 minə yüksəldiyi bildirilib.

“Nation Thailand” qəzetinin Tailand Ordusunun açıqlamasına istinadən verdiyi xəbərə görə, Kamboca Tailandın Sa Kaeo vilayətindəki bəzi kəndlərə təxminən 40 ədəd BM-21 reaktiv mərmisi atıb. Nəticədə mülki infrastruktura və 3 evə ziyan dəyib.

Tailand rəsmiləri toqquşmalar zamanı ümumilikdə 42 mülki şəxsin və 23 hərbçinin həlak olduğunu, təxminən 400 min nəfərin isə yerindən didərgin düşdüyünü bildiriblər.

Digər tərəfdən, Tailand və Kamboca dünən iki ölkə arasındakı 817 kilometrlik sərhədin cənub hissəsində yerləşən bir sərhəd-keçid məntəqəsində hərbi danışıqlara başlayıblar.

Həmçinin vurğulanıb ki, hərbi nümayəndə heyətlərinin görüşü üç gün davam edəcək və mümkün razılaşmanın əldə olunmasına zəmin yarada bilər.

Mövsüm,

AzNews.az