Misirin şimalında Roma dövrünə aid qəbiristanlıq və qədim emalatxanalar aşkar edilib

Misirin şimalında yerləşən Əl-Buheyra qubernatorluğunda arxeoloqlar qədim Roma qəbiristanlığını, eləcə də Son Dövrə (e.ə. 664–332) və Ptolemeylər dövrünə (e.ə. 323–30) aid emalatxanaları aşkar ediblər.

Bu barədə ölkənin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.

Nazirliyin Facebook səhifəsində verilən açıqlamada bildirilir ki, Qədim Əşyalar üzrə Ali Şuranın və İtaliyanın Padua Universitetinin nümayəndələrinin iştirak etdiyi birgə Misir–İtaliya arxeoloji missiyası son və erkən Ptolemey dövrlərinə aid bir neçə emalatxananı, həmçinin müxtəlif dəfn mərasimlərinin keçirildiyi Roma qəbiristanlığının bir hissəsini üzə çıxarıb.

Kom əl-Əhmər və Kom Vasit ərazilərində aşkarlanan emalatxanalar altı otaqdan ibarət böyük bir binaya daxildir. Bu otaqlardan ikisi balıq emalı üçün istifadə olunub. Arxeoloqlar burada təxminən 9 700 balıq sümüyü tapıblar. Digər otaqlarda isə saxsıdan hazırlanmış amuletlər, amforalar və yunan keramikası aşkar edilib.

Mövsüm,

AzNews.az