- Dünyanın halı
- 18:41
- 1 601
Baltik ölkəsindən qəti addım: rus dili tamamilə yasaqlandı!
Latviya hökuməti 2026-cı il yanvarın 1-dən etibarən rus dilinin ictimai istifadəsini məhdudlaşdıran qərarı qüvvəyə mindirib. Qərara əsasən, ölkə ərazisində rus dilində dövlət və ictimai yayım tamamilə dayandırılıb, ümumtəhsil məktəblərində rus dili fənni tədris proqramından çıxarılıb.
Rəsmi açıqlamada bildirilir ki, məqsəd dövlət dilinin ictimai institutlarda mövqeyini gücləndirmək və milli kimliyin qorunmasını təmin etməkdir. Hakimiyyət orqanları qeyd edirlər ki, vahid dil siyasəti dövlət idarəçiliyində effektivliyi artırmalı və ictimai inteqrasiyanı sürətləndirməlidir.
Qərar ölkə əhalisinin təxminən 40 faizinin rusca danışdığı bir şəraitdə qəbul olunub. Bu amil Latviyada yaşayan rusdilli icmalar arasında narahatlıq yaradıb və məsələ azlıq hüquqları kontekstində müzakirələrə səbəb olub. Bir sıra ictimai təşkilatlar dilin təhsil sistemindən çıxarılmasının sosial uyğunlaşma prosesinə mənfi təsir göstərə biləcəyini bildirirlər.
Latviyada dil və kimlik siyasətinin sərtləşməsi son illər regional təhlükəsizlik fonunda aktuallaşıb. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra hökumət dil məsələsini milli təhlükəsizliyin tərkib hissəsi kimi qiymətləndirir. Rus dilində yayımın dayandırılması da bu yanaşmanın davamı kimi izah olunur.
Müşahidəçilərin fikrincə, qərar təkcə daxili ictimai balans baxımından deyil, həm də Moskva ilə münasibətlər kontekstində diqqətlə izlənilir. Latviya bu addımı postsovet məkanında dil siyasətinin getdikcə daha çox geosiyasi və təhlükəsizlik müstəvisində formalaşdığını göstərən nümunələrdən biri kimi dəyərləndirilir.
Mövsüm Novruzoğlu