- Dünyanın halı
- 20:14
- 1 876
İranın BƏƏ-yə hücumları: 16 PUA və 7 balistik raket zərərsizləşdirilib
Fevralın 28-də başlayan ABŞ-İsrail və İran müharibəsi 24-cü günündə davam edir. Ətraf coğrafiyaları da ağuşuna alan müharibə ilə bağlı yeni rəsmi bəyanatlar yayılır.
16 PUA zərərsizləşdirilib
İran ABŞ və İsrailin hücumlarına cavab olaraq Körfəz ölkələrini hədəf almağa davam edir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir:
"Hava hücumundan müdafiə sistemlərimiz bu gün İrandan atılan 7 balistik raket və 16 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib."
Açıqlamada həmçinin qeyd olunub ki, İranın birbaşa təcavüzü başlayandan bəri BƏƏ hava hücumundan müdafiə qüvvələri ümumilikdə 352 balistik raket, 15 qanadlı raket və 1789 PUA-nı sıradan çıxarıb.
İtkilər və yaralılar arasında Azərbaycan vətəndaşı da var
Hücumlar nəticəsində öz xidməti vəzifələrini yerinə yetirən 2 hərbçi həlak olub. Bundan əlavə, Pakistan, Nepal, Banqladeş və Fələstin vətəndaşı olan 6 mülki şəxs də həyatını itirib.
Əməliyyatların başlanğıcından bəri 161 nəfərin yaralandığı bildirilir. Yaralıların vəziyyəti yüngül, orta və ağır olaraq qiymətləndirilir. Yaralılar arasında aşağıdakı ölkələrin vətəndaşları var:
BƏƏ, Misir, Sudan, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka, Azərbaycan, Yəmən, Uqanda, Eritreya, Livan, Əfqanıstan, Bəhreyn, Komor adaları, Türkiyə, İraq, Nepal, Nigeriya, Oman, İordaniya, Fələstin, Qana, İndoneziya, İsveç və Tunis.
Qətiyyətli cavab veriləcək
BƏƏ Müdafiə Nazirliyi hər cür təhdidə qarşı tam hazır vəziyyətdə olduqlarını vurğulayıb. Bəyanatda dövlətin suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq məqsədilə hər bir cəhdə qətiyyətlə cavab veriləcəyi və milli maraqların müdafiə olunacağı bildirilib.
Mövsüm,
AzNews.az