- Dünyanın halı
- 13:23
- 774
Körfəz ölkələri İrana qarşı müharibəyə qoşulur?
Yaxın Şərqdə gərginlik artmaqda davam edir. Fevralın 28-də başlayan ABŞ-İsrail və İran müharibəsi artıq 25-ci gündür ki, davam edir.
Körfəz ölkələrini də müharibə alovuna çəkən bu münaqişə ilə bağlı yeni iddialar ortaya çıxıb.
Körfəz ölkələrinin İrana qarşı hücumları dəstəklədiyi iddia edilir
"Wall Street Journal" (WSJ) qəzetinin mövzu ilə bağlı məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Bəsrə körfəzindəki ABŞ müttəfiqi olan ölkələr İrana qarşı hücumlarda iştirak etməyə hər gün daha da yaxınlaşırlar. Xəbərdə qeyd olunur ki, Körfəz ölkələri ABŞ-nin İrana yönəlik hava hücumlarını dəstəkləsələr də, hələlik birbaşa hərbi müdaxilə mərhələsinə gəlməyiblər.
Mənbələr Səudiyyə Ərəbistanının ABŞ qüvvələrinə Kral Fəhd Hava Bazasından istifadə icazəsi verdiyini bildiriblər.
Səudiyyə Ərəbistanı da müharibəyə qoşula bilər
Lakin bu qərar, hücumlar başlamazdan əvvəl obyektlərinin və ya hava məkanının İrana qarşı hücumlar üçün istifadəsinə icazə verməyəcəyini bəyan edən Riyad rəhbərliyinin açıqlamaları ilə ziddiyyət təşkil edir. Mövzuya yaxın şəxslər Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın hücumlarda iştirak qərarına çox yaxın olduğunu, hətta krallığın müharibəyə daxil olmasının "an məsələsi" olduğunu qeyd ediblər.
Digər tərəfdən, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də öz ordusunu münaqişəyə göndərib-göndərməməyi müzakirə etdiyi bildirilir.
Xəbərdə Dubayda yerləşən İran Xəstəxanası və İran Klubunun fəaliyyətinin dayandırıldığı, kommunikasiya kanallarının tamamilə qapadıldığı iddia olunur. Bu addımların İranla əlaqəli bəzi strukturların fəaliyyətinə dair təhlükəsizlik narahatlıqları səbəbindən atıldığı irəli sürülür.
ABŞ tərəfindən rəsmi açıqlama verilməyib
Ərəb rəsmiləri, xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ liderlərinin ABŞ Prezidenti Donald Tramp ilə keçirdikləri mütəmadi görüşlərdə İranın hərbi potensialının zəiflədilməsi istiqamətində təzyiq göstərdiklərini iddia ediblər.
ABŞ ordusu isə Körfəz ölkələrinin hücumlara kömək edib-etmədiyi barədə şərh verməkdən imtina edərək, açıqlamaların müvafiq ölkələr tərəfindən veriləcəyini bildirib.
Mövsüm,
AzNews.az