- Dünyanın halı
- 14:10
- 1 777
ABŞ–İran danışıqları İslamabadda başlayır
Ağ Evin sözçüsü Karolin Levitt bildirib ki, ABŞ və İran arasında danışıqların ilk mərhələsi 11 aprel şənbə günü Pakistanın paytaxtı İslamabadda keçiriləcək.
Onun sözlərinə görə, görüşlərdə ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edəcək. Heyətdə həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner də yer alacaq.
Levitt qeyd edib ki, İran əvvəlcə təqdim etdiyi 10 maddəlik planla ABŞ tərəfini qane etməyib. Lakin sonradan Tehran daha real və fərqli bir təkliflə çıxış edib. ABŞ prezidenti Donald Tramp bu yeni planı ölkəsinin 15 maddəlik təklif paketi ilə uyğunlaşdıraraq danışıqlar üçün əsas kimi qəbul edib.
Ağ Ev sözçüsü vurğulayıb ki, ABŞ üçün əsas şərt İranın uranı zənginləşdirməsinin dayandırılmasıdır. Eyni zamanda, İranın əlində olan zənginləşdirilmiş uranı təhvil verməyə müsbət yanaşdığı iddia olunur.
Bildirilib ki, Hürmüz boğazı açıq qaldığı müddətdə danışıqlar iki həftə ərzində qapalı formatda davam edəcək.
Levitt həmçinin qeyd edib ki, Livan ABŞ ilə İran arasında əldə olunan müvəqqəti atəşkəs razılaşmasına daxil deyil və bu məsələ ayrıca müzakirə olunacaq.
Mövsüm
AzNews.az