"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını satdı

Almaniyanın "Mercedes-Benz" avtomobil konserni Berlin şəhərində yerləşən bütün satış mərkəzlərini "Alpha Auto Group" şirkətinin rəhbəri, kanadalı iş adamı Kuldip Billana satıb.

AzNews.az xəbər verir ki, bu barədə işgüzar dairələrdəki mənbələrə istinadən "Bild" nəşri məlumat yayıb.

Söhbət Almaniya paytaxtında fəaliyyət göstərən və təxminən 1 500 nəfərin çalışdığı yeddi nümayəndəlikdən gedir. Bundan əlavə, konsernin gələcəkdə Hamburq, Münhen, eləcə də Reyn-Rur regionlarındakı avtosalonlarını da satmaq niyyətində olduğu bildirilir. Bu strateji addım ümumilikdə 8 minə yaxın iş yerinin itirilməsi riskini yaradır.

Berlin nümayəndəliklərinin əməkdaşları alqı-satqı barədə məlumatı elektron poçt vasitəsilə alıblər. İşçilərə iki seçim təklif olunub: ya kompensasiya alaraq ayrılmaq, ya da birillik iş təminatı zəmanəti ilə fəaliyyəti davam etdirmək. Hazırkı əmək müqavilələrinin ləğv edilərək yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur. Lakin yeni mülkiyyətçinin mövcud tarif öhdəliklərinə və maaş standartlarına nə dərəcədə riayət edəcəyi hələ ki qeyri-müəyyəndir.

Qeyd olunur ki, sözügedən avtosalonların personalı son iki il ərzində bu satışın qarşısını almağa çalışsalar da, bütün cəhdlər uğursuzluqla nəticələnib.