Qazaxıstan ciddi siyasi dəyişikliklərə başladı

Qazaxıstanda yeni dövlət idarəetmə orqanları yaradılıb.

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ölkə liderinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev yeni ali məşvərət orqanının yaradılmasını nəzərdə tutan "Qazaxıstan Xalq Keneşi" (Qazaxıstan Xalq Şurası) haqqında konstitusiya qanununu təsdiqləyib.

"Qazaxıstan Xalq Keneşi ali məşvərət orqanıdır. O, ümummilli dialoqun təmin edilməsi və vətəndaş cəmiyyətinin ölkənin daxili siyasətinin formalaşmasında iştirakı məqsədilə yaradılır. Qurum geniş səlahiyyətlərə, o cümlədən qanunvericilik təşəbbüsünə və ümumxalq referendumunun keçirilməsini irəli sürmək hüququna malikdir", - deyə məlumatda qeyd olunub.

Bundan başqa, dövlət başçısı təkpalatalı parlamentin (Qurultayın) yaradılmasını ehtiva edən "Qazaxıstan Respublikasının Qurultayı və onun deputatlarının statusu haqqında" konstitusiya qanununa da imza atıb. Açıqlamada qeyd olunur ki, Konstitusiya qanunu Qurultayın təşkili və fəaliyyətini, qanunvericilik prosesini və səlahiyyətlərinin həyata keçirilməsinin digər formalarını, habelə deputatların hüquqi statusunu müəyyən edir.

"Qurultay qanunverici hakimiyyəti icra edən ali nümayəndəli orqandır. O, partiya siyahıları üzrə seçilən 145 deputatdan ibarətdir və onların səlahiyyət müddəti 5 ildir", - deyə açıqlamada bildirilib.

Qazaxıstan lideri, həmçinin ölkədə yeni vitse-prezident institutunun tətbiqini nəzərdə tutan "Qazaxıstan Respublikasının Prezidenti haqqında" konstitusiya qanununu da qəbul edib. Rəsmi məlumatda deyilir ki, qanun prezidentin hüquqi vəziyyətini, səlahiyyətlərini və fəaliyyətinin təminatı qaydasını, eləcə də Qazaxıstan Respublikası vitse-prezidentinin hüquqi statusunu müəyyənləşdirir. Xəbərə görə, qanunun əsas yeniliyi vitse-prezident institutunun təsis edilməsidir. Dövlət başçısının tapşırığı ilə vitse-prezident dövlət orqanları ilə qarşılıqlı əlaqələrdə onun maraqlarını təmsil edir və prezident tərəfindən müəyyən edilmiş funksiyaları yerinə yetirir.