ABŞ İran neftini daşıyan tankeri sıradan çıxardığını açıqladı

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, ABŞ hərbi qüvvələri Oman körfəzində İran neftini daşımağa çalışan neft tankerini sıradan çıxarıb.

Komandanlığın açıqlamasına görə, tanker İranla bağlı tətbiq olunan blokadanı pozaraq İran neftini daşımağa cəhd edib. Bildirilir ki, gəmi heyəti ABŞ hərbçilərinin təkrar xəbərdarlıqlarına və göstərişlərinə məhəl qoymayıb.

Bundan sonra ABŞ hərbi təyyarəsi tankerin mühərrik bölməsinə iki ədəd Hellfire raketi ilə zərbə endirib. Nəticədə gəmi hərəkət qabiliyyətini itirərək sıradan çıxıb.

ABŞ tərəfi əməliyyatın İran neftinin qanunsuz daşınmasının qarşısını almaq məqsədilə həyata keçirildiyini bəyan edib. Hadisə İran ətrafında davam edən gərginlik fonunda Vaşinqton və Tehran arasında qarşıdurmanın daha bir epizodu kimi qiymətləndirilir.