Əlcəzair Çin qırıcıları ala bilər

Əlcəzairin Çin istehsalı olan Chengdu J-10C çoxməqsədli qırıcıları və KJ-500 uzaqmənzilli radiolokasiya aşkarlama təyyarələri almağa hazırlaşdığı barədə məlumatlar yayılıb.

Bu barədə La Voix du Nord nəşri xəbər verib.

Məlumata görə, Əlcəzair Hərbi Hava Qüvvələri ilk Çin qırıcılarını artıq 2027-ci ildə təhvil ala bilər. Bu məlumat təsdiqlənərsə, söhbət Çin aviasiya sənayesinin Şimali Afrika silah bazarında ən böyük uğurlarından birindən gedəcək.

Mümkün müqavilə xüsusilə ona görə diqqət çəkir ki, son dövrlərdə Əlcəzairin Rusiyadan Su-57 beşinci nəsil qırıcıları və Su-34 cəbhə bombardmançıları aldığı barədə xəbərlər yayılmışdı.

Əlcəzair uzun illərdir hərbi texnika baxımından əsasən Sovet və Rusiya istehsalına üstünlük verir və son illərdə Rusiyanın hərbi aviasiya məhsullarının ən böyük alıcılarından birinə çevrilib.

Bu səbəbdən Çin təyyarələrinin alınması Moskvanın silah bazarındakı mövqeləri üçün ciddi rəqabət kimi qiymətləndirilir.

Bununla belə, ekspertlər hesab edirlər ki, Çin aviasiya texnikasının alınması Rusiyadan tam imtina anlamına gəlmir. Bu addım daha çox Əlcəzairin silah tədarükünü şaxələndirmək və bir mənbədən asılılığı azaltmaq istəyindən xəbər verir.

J-10C qırıcısı Çin şirkəti Chengdu Aircraft Industry Group (CAIG) tərəfindən hazırlanmış dördüncü nəsil çoxməqsədli döyüş təyyarəsinin ən müasir versiyalarından biridir.

Təyyarə aşağı radar görünürlüğü, müasir avionika sistemləri və uzaqmənzilli PL-15 “hava-hava” raketləri ilə təchiz olunur. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu raketlər 200-300 kilometr məsafədə hava hədəflərini vurmaq imkanına malikdir.

Qeyd olunur ki, J-10C qırıcısının ixrac qiyməti təxminən 90 milyon dollar təşkil edə bilər.

Mövsüm,

AzNews.az