- Dünyanın halı
- 14:49
- 2 029
İran ABŞ ilə memorandumdan "görünməmiş faydalar" əldə edəcək — İsrail televiziyası
İsrailin N12 telekanalı ABŞ və İran arasında əldə olunmuş anlaşma memorandumunun Tehrana mühüm iqtisadi üstünlüklər verəcəyini iddia edib.
Məlumata görə, memorandumda İranın əldə edəcəyi iqtisadi faydalarla bağlı beş əsas müddəa yer alıb. Bu üstünlüklərin bir hissəsinin dərhal, bir hissəsinin danışıqlar prosesində, digər hissəsinin isə yekun saziş imzalandıqdan sonra qüvvəyə minəcəyi bildirilir.
Telekanalın məlumatına əsasən, danışıqlarda müəyyən olunmuş məqsədlərə nail olunacağı təqdirdə İranın neft sənayesinə qarşı tətbiq edilən sanksiyalar və dəniz blokadası dərhal ləğv ediləcək, həmçinin dondurulmuş İran aktivləri sərbəst istifadəyə veriləcək.
Bundan əlavə, yekun saziş imzalanacağı halda İrana qarşı bütün sanksiyaların aradan qaldırılması və ölkənin bərpası üçün xüsusi fondun yaradılması nəzərdə tutulur.
N12 memorandumun 12 əsas maddəsini də yayımlayıb. Sənəddə İranın nüvə silahı əldə etməmək öhdəliyini bir daha təsdiqləyəcəyi, zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı ABŞ və İran arasında razılıq əldə olunacağı, həmçinin İranın nüvə proqramı və uranın zənginləşdirilməsi məsələlərinin müzakirə ediləcəyi qeyd olunur.
Memoranduma görə, danışıqlar davam etdiyi müddətdə İran nüvə proqramında mövcud vəziyyəti qoruyub saxlayacaq.
Sənəddə ABŞ-ın danışıqlar dövründə yeni sanksiyalar tətbiq etməyəcəyi, regiondakı hərbi qüvvələrinin sayını artırmayacağı və dəniz blokadasını aradan qaldıracağı bildirilir.
Eyni zamanda İranın 60 gün ərzində Hörmüz boğazından kommersiya gəmilərinin təhlükəsiz və maneəsiz keçidini təmin etmək üçün zəruri tədbirlər görəcəyi qeyd olunur.
Memorandumda həmçinin İran, ABŞ və onların müttəfiqlərinin bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatları dayandıracağı göstərilir.
Sənədə əsasən, memorandumun icrasından sonra ABŞ dondurulmuş İran vəsaitlərinin istifadəsinə imkan verəcək. Yekun saziş əldə ediləcəyi halda isə ABŞ qoşunlarını 30 gün ərzində bölgədən çıxaracaq və İrana qarşı bütün sanksiyaları ləğv edəcək.
Bundan başqa, İranın bərpası üçün 300 milyard dollarlıq fondun yaradılması planlaşdırılır. Danışıqlar dövründə ABŞ tərəfindən İranın neft satışına müəyyən sanksiya güzəştlərinin tətbiqi də nəzərdə tutulur.
Məlumata görə, Vaşinqton və Tehran arasında əldə olunan razılaşma ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri tərəfindən təsdiqlənib. Sənədin rəsmi imzalanma mərasiminin iyunun 19-da Cenevrədə keçirilməsi gözlənilir.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, 60 günlük atəşkəs dövründə tərəflər İranın nüvə proqramı da daxil olmaqla bir sıra mühüm məsələləri müzakirə edəcəklər.
Mövsüm,
AzNews.az