"Türkiyənin bizi dəstəkləməsi böyük qıcıqla qarşılandı" - Politoloq

"Müasir standartlı müharibələrin ilk görüntülərini elə Qarabağda, Azərbaycan ordusu tərəfindən gördük"

“Azərbaycan son əsrin ən vacib qələbələrindən birinə imza atıb. Təbii ki, bu böyük qələbə təntənəli şəkildə qeyd edilməlidir”.

Bu sözləri AzNews.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloq qələbə paradının keçirilməsi haqda danışarkən bildirib ki, Türkiyə prezidenti Ərdoğanın, eyni zamanda Türkiyənin yüksək rütbəli nümayəndələri, Müdafiə naziri Hulisi Akar və digərlərinin də hərbi bayram paradında iştirakı gözlənilir. Bu çox vacib haldır.

"Eyni zamanda biz deyə bilərik ki, Azərbaycan və Türkiyə bu müharibə zamanı necə güclü və sırf müttəfiq olduqlarını bir daha regional çərçivədə onları gözügötürməyənlə, Avropada, Qərbdə bir sıra qruplara göstərdilər. Təsadüfi deyil ki, Türkiyənin fəal şəkildə Azərbaycanı dəstəkləməsi Qərb ölkələrində çox böyük qıcıqla qarşılandı. Hansılar ki, daima Türkiyəyə qarşı geosiyasi və geoiqtisadi rəqib olub, Türkiyənin uğuruna qısqanclıqla yanaşıblar. Bu amildən, bu müxtəlif ölkələrin parlamentlərində Qarabağla bağlı ədalətdən uzaq olan qərarların qəbul edilməsi istiqamətində hərəkətlənmənin olduğunun bariz nümunəsidir”, - Z. Məmmədov əlavə edib.

“O ki, qaldı sırf Azərbaycana, təbii ki, Azərbaycan hərbiçiləri bu müharibədə ilk müharibələrin yeni satıcı texnologiyasını, taktikasını ortaya qoydular. Təsadüfi deyil ki, müasir standartlı müharibələrin ilk görüntülərini elə Qarabağda, Azərbaycan ordusu tərəfindən gördük. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Xalqımızın hər bir nümayəndəsi istər arxa cəbhədə, istər ön cəbhədə şücaət göstərərək ermənilərə və onların havadarlarına öz sözünü demiş oldu”, - deyə ekspert vurğulayıb.

Səidə

AzNews.az