"Bu, Rusiyalı hərbçilərə Azərbaycanın son xəbərdarlığıdır" - Millət vəkili

Sahib Alıyev: "Azərbaycan Rusiyadan təkcə Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərinin oradan çıxmasını tələb etməyəcək"

"Rusların tez-tez işlətdikləri bir deyim var: kakov privet, takov i otvet. Yəni salam necədirsə, əleykümüsü də o cürdür. Əsgərandan Ağdərədəki separatçı-terrorçu ünsürlərə gizli silah daşıyan, 366-ci alaydan qalma yaramaz ənənəni davam etdirməyə çalışan Rusiya hərbçilərinin maşın karvanının Ağdamda saxlanılaraq yoxlanılması və sonra da geri qaytarılması haqda xəbər düzdürsə və məncə də düzdür, fikrimcə, bu, yumşaq desək, yersiz bir salamın əleykümüsü idi".

Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib. O, sözlərinə belə davam edib:

"Bu əleykümü birinci onu göstərdi ki, Azərbaycanın uyğun strukturları ikinci Qarabağ savaşı ərəfəsində və gedişində haylara gah “tikinti materalı”, gah da ”humanitar yük” adı altında silah-sursat göndərənlərin oyunbazlıqları qarışıq Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində nələr baş verdiyindən, kimin nə ilə nəfəs aldığından çox gözəl xəbərdardır. İkincisi, kim düşünürsə ki, Rusiya hərbi kontingentinin olduğu yerlərdə bizim suverenliyimiz keçərli deyil, yanılır özü də çox. Keçərlidir həm də necə!

Üçüncüsü, mənə elə gəlir ki, Əsəgərandan Ağdərəyə avtomat daşıyan rusiyalı hərbçilərin maşınlarının geri qaytarılması onlara edilən son xəbərdarlıqdır. Növbəti dəfə o karvan geri qaytarılmayacaq. Və Azərbaycan Rusiyadan təkcə Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərinin oradan çıxmasını tələb etməyəcək. Həm də məramları sülhdən xəbər verməyənlərin də getmək vaxtlarının yetişdiyi bildiriləcək.

Sonda bir-iki kəlmə də salam haqda fikrimi bölüşüm. Salamda sülh niyyəti ifadə olunduğundan onu vermək də, göndərmək də, çatdırmaq da yaxşı şeydir. Və adətən kiçiklər böyüklərin bir-birinə salamını çatdırırlar. Amma az qala hər gün salamlaşanlarınkını yox. Belə hal baş verdikdə bu, salam çatdıran haqqında elə də ciddi adam təəssüratı yaratmır. Vəssalam".

AzNews.az