- Müşahidə məntəqəsi
- 12 İyun 2023 17:26
- 16 641
Turan Rzayev: "Ərdoğanın Azərbaycana səfəri kifayət qədər maraqlı olacaq"
“Ərdoğanın Azərbaycana səfəri kifayət qədər maraqlı olacaq və kifayət qədər önəmli bəyanatlarla yadda qalacaq”.
Bunu AzNews.az-a iyunun 13-ü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri ilə bağlı açıqlamasında politoloq Turan Rzayev deyib.
O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilən idi, artıq bu həm Türkiyə, həm Azərbaycan prezidentləri səviyyəsində qəbul edilmiş bir dövlət ənənəsinə çevrilib:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da seçkidən dərhal sonra ilk rəsmi səfərini Azərbaycana edir. Düzdür, onun ilk səfəri, əslində, Şimali Kiprə oldu. Amma Azərbaycan daxil bir çox ölkələr Şimali Kiprin de-fakto müstəqilliyini tanımadığı üçün bunu biz ilk rəsmi səfər kimi yox, sadəcə Şimali Kiprə səfəri kimi qeyd edirik. Qeyd etdiyimiz kimi, ilk rəsmi səfər Azərbaycan olacaq və bu dövlət ənənəsinə çevrilib. Bu, Türkiyə-Azərbaycanın müttəfiqlik və üst səviyyəli dövlət ənənələrinin əsasında formalaşmış müsbət tendensiyadır”.
T.Rzayev əlavə edib ki, Ərdoğanın Azərbaycana səfəri kifayət qədər maraqlı olacaq və kifayət qədər önəmli bəyanatlarla yadda qalacaq:
“Mümkündür ki, Ərdoğan buradan Azərbaycan prezidentinin mənəvi dəstəyi və seçki sonrası dərhal Ərdoğanı təbrik etməsi məsələlərinə toxunsun. Bundan əlavə tərəflər arasında regional, geopolitik və təbii ki, Qarabağ ətrafında müzakirəyə ehtiyac olan məsələlər var. Ərdoğanın səfər zamanı Qarabağla və Ermənistanla bağlı mühüm açıqlamalar verəcəyini güman etmək olar. Ərdoğanın səfəri daha çox Qarabağ məsələsində diqqət çəkir. Hazırda Ermənistanla Azərbaycan arasında müxtəlif formatlarda danışıqlar prosesi gedir. Proses ləng getsə də, nəticə etibarilə ortada danışıqlar və konkret həllini gözləyən məsələlər var. Bu prosesin uzanması Azərbaycanın da səbr kasasını daşırır. Mümkündür ki, Türkiyə prezidentinin Azərbaycana səfəri zamanı verəcəyi bəyanatlar həm də bu yöndə ola bilər. Yəni Ermənistana, Qərbə bir xəbərdarlıq mahiyyəti olacaq”.
Politoloq sonda qeyd edib ki, danışıqlar prosesinin uzanması regiona sülh vəd etmir, Türkiyənin bu istiqamətdə siyasi basqılarını daha da artıracağını ehtimal etmək olar:
“Təbii ki, Türkiyədəki seçkilər bitdi, Ərdoğan qələbə qazandı. Digər tərəfdən bu gün İranla Taliban arasında gərginlik davam edir. İsraillə Səudiyyə Ərəbistan arasında danışıqlar bir müddət əvvəl dayandırılmışdı, yenidən başladılıb. Ən əsası Ukrayna ordusu əks hücumlarına başlayıb. Xülasə anti-terror əməliyyatları üçün çox münasib zaman yetişib. Hesab edirəm ki, Ərdoğanın Azərbaycana səfəri sonrası iki ölkə arasında bu istiqamətdə müəyyən danışıqlar gedəcək həm də stratejik fikir mübadiləsi aparılacaq. Biz bu görüşlərdən asılı olaraq yaxın müddət ərzində Qarabağ ətrafında gərginliyin artacağını güman edə bilərik”.
Rəşid Qarayev