- Müşahidə məntəqəsi
- 16 İyun 2023 11:00
- 18 415
Üçüncü dünya müharibəsi artıq başlayıb - AÇIQLAMA
Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya-1” telekanalına müsahibəsi zamanı Üçüncü Dünya müharibəsinin başlaya biləcəyini vurğulayıb. O, Rusiya və Ukrayna müharibəsinin növbəti dünya müharibəsi kimi nəticələnə biləcəyini deyib.
“Üçüncü dünya müharibəsi onsuz da davam edir. Burada Ukrayna poliqondur. Bizə görünən odur ki, Rusiya və Ukrayna arasında müharibə gedir. Əslində pərdə arxasında vəziyyət tamam kritikdir”.

Bunu mövzu ilə bağlı AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib.
O qeyd edib ki, bir çoxları bu müharibəyə Rusiya ilə NATO arasındakı müharibə kimi yanaşsalar da, bu, həm də Şərq və Qərb arasında olan müharibədir.
“Şərq ölkələri olan Rusiya, Çin, İran, Belarus bu məsələdə eyni mövqedədirlər. Qərb dünyası isə burada tamamilə əks mövqedədir. Üçüncü Dünya müharibəsi Rusiya və Ukrayna arasında getsə də, faktiki olaraq rəsmən elan olunmayıb. Üçüncü Dünya müharibəsi NATO qoşunlarının Rusiya və yaxud Ukrayna ərazisinə müdaxilə etdiyi təqdirdə rəsmi şəkildə başlaya bilər. NATO qoşunları isə müdaxilə etməsə də, müəyyən yollarla öz dəstəklərini də bildirirlər”.
Politoloq deyib ki, Üçüncü Dünya müharibəsindən də qorxulu olan nüvə savaşının başlamasıdır:
“Nüvə savaşının başlaması artıq son dərəcə realdır. Rusiya tərəfindən Belarusa nüvə başlıqları yerləşdirilib. Bir neçə dəfə Rusiya rəsmiləri, prezident Vladimir Putin və Rusiyanın Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev nüvə silahını istifadə edə biləcəkləri ilə bağlı xəbərdarlıq ediblər. Rusiyanın imkanları getdikcə tükənib. Son olaraq Kaxovka Su Elektrik Stansiyasının vurulması da əslində nüvə silahının istifadəsi üçün alternativ bir həmlə idi. Bu yolla da Ukraynanın əzmini qıra biləcəyini düşünürdü. Bundan əvvəl də Kreml müxtəlif variantları işə salsa da, bu lazımı effekti verməyib. Nəticədə variantlar tükənir. Əks-hücumları başladıqca Rusiyanın vəziyyəti ağırlaşıb. Rusiyanın prezidenti Vladimir Putin məğlubiyyətdən başqa yol olmadığından əmin olsa, nüvə silahının tətbiq olunacağını düşünürəm. Zənnimcə, Qərb də bu məsələdə maraqlıdır. Qərb də Rusiyaya cavab olaraq nüvə silahından istifadə edəcək”.
Ayan Rzayeva