İran Ermənistanla bağlı məsələlərdə qırmızı xəttini heçə sayır - Eldar Cəfərov

"Ermənistan tərəfi təxribatlar törətməklə sülh müqaviləsinin bağlanmasını yubatmaq istəyir".

Bunu AzNews.az-a Azərbaycan-Ermənistan sərhədində intensivləşən təxribatlarla bağlı açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov deyib.

O bildirib ki, Ermənistanın həmin hadisələri törətməkdə məqsədi beynəlxalq ictimaiyyətə Azərbaycanın guya hələ də sülh müqaviləsini imzalamağa hazır olmadığını çatdırmaqdır:

"Ancaq Rusiya XİN hər zaman elan edir ki, baxmayaraq ki, sərhəddə insident var, Azərbaycanla Ermənistan arasında birbaşa kontaktı yaradıblar. Digər tərəfdən Ermənistanın maraqları Rusiya ilə Zəngəzur məsələsində də toqquşur. Çünki rəsmi Moskva dəhlizə nəzarəti Rusiya Sərhəd Xidmətinə vermək istəyir, amma Ermənistan isə Rusiya ilə yanaşı Fransa, Avropa İttifaqının digər üzvləri ilə əlaqə yaratmaq istəyir".

Siyasi şərhçi əlavə edib ki, bu, elə-belə məsələ deyil: "Unutmayaq ki, Naxçıvanın yaxınlığında ABŞ bayrağı dalğalanmağa başlayıb. Zəngəzur məsələsində Qərbin özünün də maraqları və Ermənistandan tələbləri var. Həmçinin İran faktorunu da nəzərdən qaçırmamaq lazımdır. Baxmayaraq ki, İran Qərb kapitalının Qafqaz-Xəzər bölgəsinə girməsinə qarşıdır, amma Ermənistanla bağlı məsələlərdə qırmızı xəttini heçə sayır. Çünki Naxçıvanla sərhəddə ABŞ bayrağı dalğalanır və İran heç bir mövqe bildirmir".

Ayan Rzayeva