- Müşahidə məntəqəsi
- 21 İyun 2023 19:11
- 7 316
Azərbaycan hərbçisinin ölkəmizə qayıdışı təmin edilməlidir - Deputat
Regionda proseslər ən arzuolunmaz ssenari üzrə inkişaf edə bilər
Ermənistanda əsir saxlanılan, guya qətldə ittiham olunan azərbaycanlı əsgər Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib. Qərarı Ermənistanın Sünik vilayətinin Ümumi Yurisdiksiya Məhkəməsi çıxarıb.
“Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması prosesində çox paradoksal hallar baş verməkdədir”.
Bunu mövzu ilə bağlı AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, Ermənistanın siyasi hakimiyyəti bir yandan Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin formalaşmasında maraqlı olduğunun fonunu yaradır:
"Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətində real addımların atılmasının tərəfdarı olduğunun görüntüsünü formalaşdırır. Vaxtilə "Qarabağ Ermənistanındır" deyən Nikol Paşinyan indi artıq demək olar ki, "Qarabağ Azərbaycanındır" ifadəsini işlədir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Zəngəzur dəhlizinin açılmasına İrəvanın deyil, İranın mane olduğunu bildirir. Bunlar regionda sülh müqaviləsinin bərqərar olması, Ermənistan Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafını tənzimləyəcək proseslərin öz məntiqi sonluğuna çatması üçün unikal imkanların göstəricisidir. Amma eyni zamanda da başqa bir proses getməkdədir. Elə bir proses ki, sadaladığım proseslərin reallaşması yolunda əsas maneələrdən birinə çevrilib. Bu isə Ermənistan məhkəməsinin əsir götürülən Azərbaycan hərbçisi ilə bağlı qeyri-qanuni qərarını bəyan edərək ona 20 il həbs cəzası müəyyən etməsidir. Bu nə deməkdir? Doğrudanmı Ermənistan sülh istəyir? Sülhə gedən dövlət beləmi addım atar? Azərbaycan bunun qarşılığında ikinci Qarabağ müharibəsində dəfələrlə erməni əsgərlərin meyitlərinin geri qaytarılmasını təmin edib, əsir düşən erməni hərbçilərin geri qaytarılmasını reallaşdırıb. Bunların qarşısında Azərbaycan hərbçisinin 20 il həbs cəzası verilməsi iki dövlət arasında münasibətlərin normallaşması prosesinə çox ciddi bir zərbədir, prosesin qarşısını alan bir addımdır”.
E.Nəsirovun sözlərinə görə, bir dövlətin sülhdən, təhlükəsizlik mühitindən danışması, Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməsi, bir yandan da bu addımlarla daban-dabana zidd addımlar atması, Azərbaycan hərbçisi ilə bağlı belə qanuna zidd bir addıma imza atması anlaşılmaz məqamdır:
“Hesab edirəm ki, beynəlxalq təşkilatlar da Ermənistanla bu istiqamətdə danışarkən bu məqama diqqət çəkməlidirlər. Ermənistanın bu qeyri-qanuni aktının qarşısı alınmalıdır. Çox qısa zaman ərzində Azərbaycan hərbçisinin ölkəmizə qayıdışı təmin edilməlidir. Əks təqdirdə bütün vasitəçilərin iki dövlət arasında sülhü təmin etməklə bağlı missiyası heç bir nəticə verməyəcək. Əksinə, regionda proseslər ən arzuolunmaz ssenari üzrə inkişaf edə bilər”.
Rəşid Qarayev