- Müşahidə məntəqəsi
- 22 İyun 2023 18:17
- 13 141
Qərblə İranın savaş içində olması aldatmacadır - Fazil Mustafa
Azərbaycanla sərhəddə ABŞ bayrağının dalğalandırılması və regiona Qərbin girməsinə imkan verməyən İranın buna göz yumması onu göstərir ki, İran mövzu Ermənistan olduqda öz qırmızı xəttlərini heçə saya bilir.
Mövzu ilə bağlı saytımıza danışan millət vəkili Fazil Mustafa bildirib ki, Qərblə İranın sanki savaş içində olması aldatmacadan başqa bir şey deyil. İran Qərbin bütün tapşırıqlarını bölgədə yerinə yetirən dövlətlərdən biridir:
"Ola bilsin müəyyən nüanslarda üst-üstə düşməyən məqamlar var, amma fikir versək görərik ki, 30-40 ildir İranda hakimiyyətdə qalan Qərbin yaratdığı rejimdir. Ona qarşı hansısa kəskin addımlar atıldığının şahidi olunubmu? Yox".
F. Mustafanın sözlərinə görə, bu kimi məsələlərdə onların düşmən olmalarına güvənmək lazım deyil:
"Ermənistan üzərindən bu görünür. Avropa Birliyinin orada təmsilçiləri, müşahidə missiyası var. Bu İranı narahat etmir, amma Avropanın, İsrailin Azərbaycanda olması onları narahat edir. İran sırf saxtakar, ikiüzlü bir dövlətdir".
Millət vəkili sonda qeyd edib ki, İran yanaşmalarına İslam standartları ilə baxılası bir dövlət deyil:
"Bilavasitə bu standartları birinci tapdalayan elə İran dövlətinin özüdür. Bu məsələdə məncə hansısa bir əlavə izaha da ehtiyac yoxdur. Qafanda həm İran, həm də Avropa missiyası var. Bir yerdə Azərbaycanın maraqlarına zidd fəaliyyətin bilavasitə həyata keçirilməsini təmin edirlər".
Rəşid Qarayev