- Müşahidə məntəqəsi
- 22 İyun 2023 18:23
- 9 231
Ermənistan hərbçimizi həbs edərək beynəlxalq hüququ tapdalayır - Aydın Hüseynov
Ermənistanda əsir saxlanılan, guya qətldə ittiham olunan azərbaycanlı əsgər Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib. Qərarı Ermənistanın Sünik vilayətinin Ümumi Yurisdiksiya Məhkəməsi çıxarıb.
“Ermənistan bütün beynəlxalq hüquq normalarını tapdalayıb. Əsirlərin, girovların saxlanması ilə bağlı beynəlxalq konvensiyalara riayət etmir”.
Bu sözləri mövzu ilə bağlı saytımıza açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.
O deyib ki, Ermənistanın heç bir təxribat törətməyən, havanın dumanlı olması səbəbilə yolu azaraq sərhədi keçən Azərbaycan əsgəri ilə davranışının hansı tərzdə olduğunu ilk günlərdən gördük:
“Ağır işgəncə verilməsi, döyülməsi sosial şəbəkələrdə də yayılmışdı. Sonradan isə yalançı ittihamlarla məhkum edilməsi Ermənistanın aqressivliyi, beynəlxalq hüququ tapdalaması deməkdir”.
Millət vəkilinin sözlərinə görə, beynəlxalq təşkilatlar bu barədə Ermənistana öz münasibətini bildirməlidir:
“Ermənistan uzun illərdir itkin düşən dörd mindən çox mülki vətəndaşımız və əsgərlərimiz barədə məlumat vermir. Əsirlərimizə nə qədər işgəncələr verilib. Bu Ermənistanın riyakarlığı və vəziyyətdən hədsiz dərəcədə sui-istifadə etməsi deməkdir”.
Rəşid Qarayev