- Müşahidə məntəqəsi
- 23 İyun 2023 15:03
- 8 776
Rusiya elə bilir ki, sülh prosesində əsas oyunçu özüdür - Politoloq
“ABŞ tezliklə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edəcək”.
Bunu ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə bildirib.
O qeyd edib ki, tərəflər Cənubi Qafqaz regionunda dinc gələcəyə səy göstərməyə davam etdikcə, biz tezliklə Vaşinqtonda danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik.
Həmçinin xarici işlər naziri Ceyhun Bayramov da açıqlamasında bildirib ki, bu ilin sonuna kimi süıh müqaviləsinin imzalanacağı gözlənilir.
Bəs Qafqazda sülhün bərqərar olunmasında Vaşinqton görüşündən hansı gözləntilər var? Sülh müqaviləsinin imzalanması prosesində əsas vasitəçi rəsmi Moksva, yoxsa Vaşinqton olacaq?
Mövzu ilə bağlı AzNews.az-a danışan politoloq Fikrət Sadıqov bildirib ki, rəsmi Moskva Vaşinqton və Brüssel görüşlərini qısqanclıqla qəbul edir.
“Rusiya hesab edir ki, sülh prosesində əsas oyunçu özüdür. Rusiya 10 noyabr 2020-ci ildə üçtərəfli bəyannamənin imzalanmasına təşəbbüs göstərdi. Sülh müqaviləsinin imzalanması prosesində də müəyyən qarşıdurma gedir. Bu qarşıdurmalar daha da dərinləşir və prosesə öz mənfi təsirini göstərir. Qarşıdurma Ukrayna-Rusiya münaqişəsinin fonunda isə daha da kəskin xarakter alıb. Zaman isə göstərir ki, həm Vaşinqton, həm də Brüssel görüşlərində müəyyən razılılıqlar əldə olunur”.
Politoloqun fikrincə, sülh müqaviləsi imzalanmasa da bu razılıqlar hansısa bir kompromis əsasında əldə olunur.
“Bu bir reallıqdır. Biz bunu həm Vaşinqton, həm də Brüssel görüşündən sonra görmüşük. Çox güman ki, ilin sonuna kimi saziş imlanacaq. Bir şərtlə ki, Ermənistan Azərbaycana qarşı irəli sürdüyü tələbləri aradan götürsün. Qarabağda etnik ermənilərin hüquqları barəsində gündəmə artıq heç bir məsələ çıxarılmasın. Bu bizim daxili işimizdir. Zəngəzur dəhlizi ilə bağlı məsələlər aydın olmalıdır. Qeyri-qanuni hərbi birləşmələr Qarabağdan çıxarılmalıdır. Bu halda sülh müqaviləsi imzalana bilər. Hesab edirəm ki, Vaşinqtonda bu məsələlər ciddi şəkildə müzakirə olunacaq”.
Ayan Rzayeva