- Müşahidə məntəqəsi
- 23 İyun 2023 21:13
- 8 120
Millət vəkili: "Ermənistan sülhə hazır deyil"
Ermənistanda əsir saxlanılan, guya qətldə ittiham olunan azərbaycanlı əsgər Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib. Qərarı Ermənistanın Sünik vilayətinin Ümumi Yurisdiksiya Məhkəməsi çıxarıb.
“Əslində bu fakt özü Ermənistanın hüquq dövləti anlayışından nə qədər kənarda qaldığını göstərir”.
Bunu mövzu ilə bağlı saytımıza danışan Milli Məclisin deputatı Sahib Alıyev deyib.
"Laçında öz yurd yerlərinə dönən sakinlərlə görüşdə cənab prezident bu məsələyə toxunaraq bildirdi ki, qatı dumanda azaraq Ermənistan tərəfinə keçən iki hərbçimiz lazım olan hüquqi prosedurların heç birinə əməl edilmədən, qapalı şəkildə, onlara vəkil tutulmadan ittiham ediliblər və onlara həbs cəzası verilib. O zaman da bizim bir əsgərimizə qanunsuz şəkildə 11 il cəza verilmişdi, indi də eyni yaramaz addımı ataraq ikinci hərbçimizə də heç bir hüquqi prosedura əməl etmədən sırf saxta ittihamlarla həbs cəzası veriblər.
Azərbaycan dövlət başçısı onu da bildirmişdi ki, iki tərəf arasında razılaşma olub ki, belə hallar baş verdikdə qarşı tərəfin hərbçisi dindirildikdən sonra geri qaytarılsın. Azərbaycan indiyədək buna əməl edib, amma Ermənistan bu cür nankorcasına davranmasa, vədinə xilaf çıxmasa Ermənistan olmaz axı. Ona görə də bu reallığı biz görürük”, - deyə o əlavə edib.
Deputat sonda qeyd edib ki, Ermənistan sülh müqaviləsini imzalamağa hazır olduğuna əmin deyil:
“Ən azından ona görə ki, başda Fransa olmaqla təsiri altında olduğu böyük dövlətlər regionda sülhdə maraqlı deyillər. Yolunu azaraq əsir düşən iki Azərbaycan hərbçisinə bu cür saxta ittihamlar irəli sürərək həddən artıq sərt qərarlar çıxarılmasının arxasında da bu dayanır. Bütün bunlar qarşı tərəfin sülhə və əlaqələrin normallaşmasına hazır olmadığını göstərir”.
Rəşid Qarayev