Priqojinin dövlət çevrilişinə cəhdi baş tutmayacaq - Zaur Məmmədov

“Vagner” qruplaşmasının rəhbəri Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqu Baş Qərargah rəisi Valeri Gerasimova qarşı müharibə elan edib. Gecə saatlarından Yevgeni Priqojin əhalini xain adlandırdığı Sergey Şoyqu və Valeri Gerasimova qarşı vuruşmağa səsləyib. Yayılan son məlumatlara əsasən Moskvada qüvvələr hazırlıq vəziyyətinə gətirilib, Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vagner” qüvvələri isə paytaxta doğru irəliləyir.

“Rusiyada baş verən hadisələr gözlənilən idi. Çünki son zamanlar onun şahidi olurduq ki, vagnerçilər, kadırovçular və eyni zamanda oradakı ayrı-ayrı qruplarla Şoyqu, Gerasimov və digərləri arasında müxtəlif problemlər var idi, amma bu ziddiyyətlərin həll edilməsi mümkün görünmürdü, daha da dərinləşirdi”.

Bu sözləri mövzu ilə bağlı saytımıza danışan politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, ola bilsin ki, həm siyasi hakimiyyət daxilindəki müəyyən şəxslər, həm də xaricdən Yevgeni Priqojinə müxtəlif vədlər verilib: "Buna görə Priqojin özünə əmin şəkildə belə bir qərar verib. Müxtəlif məlumatlara görə, Moskvaya yürüşdən əvvəl Rusiyanın Müdafiə Nazirliyi və Baş Qərargahında "Vagner"lə bağlı qərar verilməli idi”.

Politoloq qeyd edib ki, hadisələr 1917, 1993-cü il hadisələrini xatırladır:

“Bu hadisənin necə bitməsindən asılı olmayaraq biz Rusiyada yaxın aylarda məhz hakimiyyət uğrunda açıq və ya gizli mübarizənin şahidi olacağıq. Priqojinin ordusuna gəldikdə isə çox güman ki, onların daha da irəliləməsinə imkan verilməyəcək və məhv ediləcəklər. Baş verənləri 1917-ci il hadisələrindən fərqləndirən əsas nüans ondan ibarətdir ki, vətəndaşlar küçəyə çıxaraq Yevgeni Priqojini dəstəkləməyəcəklər. Bu amil də olduqca vacibdir. Düşünürəm ki, Priqojinin dövlət çevrilişinə cəhdi baş tutmayacaq. O, məhv ediləcək”.

Ekspert sonda hadisələrin Azərbaycan-Ermənistan arasında baş verən proseslərə təsirindən bəhs edib. O vurğulayıb ki, hazırkı proses müxtəlif istiqamətlərdə Azərbaycanın məqsədlərinə çatması ilə nəticələnə bilər: “Hər halda hadisələrdə uduzan tərəf Ermənistan olacaq. Azərbaycan tərəfi isə bu yaxud digər bəzi məsələlərlə bağlı öz məqsədinə çatacaq. Düşünürəm ki, yaxın vaxtlarda biz fürsətdən istifadə edərək bir çox məsələləri həll etmək iqtidarında ola bilərik”

Rəşid Qarayev