- Müşahidə məntəqəsi
- 24 İyun 2023 15:46
- 8 845
"Vaqner"i məhv etmək Rusiya təhlükəsizlik qüvvələri üçün problem deyil"- Ekspert
“Vagner” qruplaşmasının rəhbəri Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqu Baş Qərargah rəisi Valeri Gerasimova qarşı müharibə elan edib. Gecə saatlarından Yevgeni Priqojin əhalini xain adlandırdığı Sergey Şoyqu və Valeri Gerasimova qarşı vuruşmağa səsləyib. Yayılan son məlumatlara əsasən Moskvada qüvvələr hazırlıq vəziyyətinə gətirilib, Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vagner” qüvvələri isə paytaxta doğru irəliləyir.
"Onların Rusiyada çevriliş eləməyə onların gücü çatmazdı, amma hər halda Rusiya cəmiyyəti bundan bir dərs çıxartmalıdır ki, Ukraynadakı müharibənin heç bir motivasiyası yoxdur”.
Mövzu ilə bağlı saytımıza danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Putinin qorxduğu məsələlərdən biri səfərbərlik məsələsi idi:
“Ona görə də səfərbərlik elan etmədən daha əvvəllər Afrikada, Suriyada istifadə etdiyi muzdlu döyüşçüləri istifadə edirdi. Amma Suriyadan, Afrikadan fərqli olaraq adına xüsusi əməliyyat desələr də, bu, genişmiqyaslı müharibə idi. Ona görə də muzdlu döyüşçülərə daha çox şərait yaratdılar, daha çox vəsait ayırdılar, hətta həbsxanada olanları da çıxardılar. Tarixən olduğu kimi muzdlu döyüşçülər üsyan edə bilirlər, hətta hakimiyyət çevrilişinə də gedib çata bilirlər. Ona görə də Priqojin daha iddialı danışmağa başladı və cəza almadığını görəndə birbaşa Gerasimov və Şoyqunu hədəf götürdü”.
Ekspert qeyd edib ki, Rusiya onlardan muzdlu döyüşçü olaraq istifadə edir. Hətta Putin bir çıxışında onları tərifləyib: "Putin bildirmişdi ki, muzdlulara ona görə ehtiyac var ki, onlar canından keçməyi bacarırlar. Putinin əməlinin nəticəsi belə də olmalı idi. Bu nə bir döyüş, nə də 10 günlük əməliyyatdır ki, muzdlu döyüşçüdən istifadə edəsən. Bir ildən çox çəkən müharibədir. Müharibədə də muzdlu döyüşçülər əvvəl-axır bir etiraz edəcəkdi. Etirazdan da gördüyünüz kimi, məqsəd Rastovda hansısa şəkildə bəzi mövqeləri ələ keçirmək idi. Bu hadisə genişlənə bilər, amma inanmıram ki, onlar prosesi hansısa şəkildə vətəndaş müharibəsinə çevirələr yaxud hansısa hərbi çevriliş edə bilələr. Onları məhv etmək Rusiya təhlükəsizlik qüvvələri üçün problem deyil”.
Sonda baş verən hadisələrin Azərbaycan-Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması prosesinə təsiri barədə danışan İ.İsmayıl qeyd edib ki, Rusiyanın Ukraynadakı gərginliyi onun Cənubi Qafqaza olan diqqətini çox azalda bilər. “Bu məsələlərdə Qərbin təşkil etdiyi masada öz istədiyimizə çata bilərik. Yeri gəlsə, Rusiyaya xəbərdarlıq etmək şərtilə antiterror əməliyyatlarına başlaya bilərik. Rusiyanın başı sözün həqiqi mənasında dərddədir”.
Rəşid Qarayev