Rusiyada əslində nə baş verdi?

“Vaqner" Özəl Hərbi Şirkəti (ЧВК) 2013-cü ildə biznesmen Yevgeniy Priqojin və hərbçi Dmitriy Utkin tərəfindən yaradılmışdır. Rusiya hökumətinin dəstək verdiyi və bir neçə ölkə tərəfəndən terror təşkilatı kimi tanınan Vaqner şirkətinin şəxsi heyəti istefada olan təcrübəli zabitlərdən, döyüş təcrübəsi olan könüllü muzdlulardan və məhkumlardan ibarətdir. Liviyada, Suriyada, bir neçə Afrika ölkəsində və Ukraynada qəsbkarlıq əməliyyyatları ilə məşhurlaşan vaqnerçilərin aylıq məvacibi 2 min manatdan bir az artıqdır.
1961-ci təvəllüdlü Priqojin keçmiş məhbus olsa da, Putinə yaxınlaşma yolunu taparaq onun əsas aşpazına qədər irəliləməyi bacarıb. Əksəriyyəti Sankt Peterburqda yerləşən böyük restoran və iaşə obyektləri şəbəkələrinə malikdir.
Amansız cəllad qrupu imici formalaşdıran “Vaqner" hərbi şirkətinin komandanı Priqojin Ukrayna döyüşlərinə qatılımının 3-cü ayından başlayaraq, yəni, 2022-ci il iyun ayının 1-dən Rusiya Müdafiə Nazirliyinə, Baş Qərargaha və hökumətə özünün şəxsi teleqram kanalları ilə ultimativ mesajlar göndərməyə başladı. Bir neçə dəfə muzdlularını döyüş bölgəsindən nümayişkaranə şəkildə geri çəkən Priqojinin iddiası getdikcə böyüyür, iştahı daha da artırdı.
Nəhayət o, bir həftə öncə heç bir müqavimətlə rastlaşmadan Rostov güc strukturlarını və cənub hərbi dairəsinin qərargahını ələ keçirərək Moskvaya "ədalət marşı" yürüşünə yola çıxdı.
Üzə çıxan Putin bu marşı “hərbi qiyam”, Priqojini isə “xəyanətkar” adlandırdı. 15 min hərbçi və mindən artıq hərbi texnika Moskvaya doğru hərəkət etsə də, Lukaşenkonun vasitəçiliyi sayəsində Priqojin yürüşü dayandırmağa və "Vaqner"in qalıqları ilə Belarusa getməyə razı oldu.
Maraqlı və traqikomik ssenarinin (müəllif hələ də müəmmalıdır), yəni Priqojinin “ədalət marşının” bir daha baş vermə ehtimalı məncə yoxdur. Əldə etdiyimiz məlumata görə, “Vaqner” Özəl Hərbi Şirkətinin başçısı Minskdə otellərin birində, pəncərəsi olmayan otaqda qalır.
Putinin də balans məqsədilə Şoyqu və Gerasimovu vəzifədən kənarlaşdırması inandırıcı görünmür. Priqojinin tələb və marşından sonra Putin, mətbuata sızmayan bir neçə saraydaxili qiyamın qarşını alan, sədaqəti ilə sınaqlardan çıxmış əzəli dostu Şoyqunu “xərcləməz”.
Moskva, qiyamın baş verəcəyini bir sutka qabaqdan bildiyi halda, qabaqlayıcı tədbirlər görmədi, qırıcı təyyarələrlə Moskvaya hərəkət edən kolonları dağıtmadı.
Putinin özünün açıqlamasına görə, 2022-ci ilin mayından 2023-cü ilin mayına qədər "Vaqner”in maliyyələşdirilməsinə 86,3 milyard rubl xərclənib. Bu balaca rəqəm deyil.
Hesab edirəm ki, qiyam cəhdi Rusiyanın daxili siyasətinə Lukaşenko faktorunu daxil etdi. Yürüşün özünün və danışıqların qiyamçılara əfv vədi ilə dayandırılması isə Putinin ölkə daxilində və xaricdə nüfuzuna sarsıdıcı zərbə endirdi.
Cənubi Qafqaz
Rusiyada siyasi sabitliyin aşağı düşməsi ilə yeni təşəbbüslərlə qarşılaşa bilər. Azərbaycan üçün Rusiya faktoru kimi daha qabarıq narahatlıqdır. Xatırladım ki, Qarabağdakı "sülhməramlı" ordu Cənub Hərbi Dairəyə tabe olduğuna görə Priqojin Rostovu tutanda RSO və Hərbi Dairə arasında əlaqə kəsilmişdi. “Vardanyan layihəsi”, Qarabağın rus icması kimi nəticəsiz layihələr Rusiyanın regionda mövqelərini möhkəmləndirmək əvəzinə onun Bakı və İrəvanla münasibətlərinə xələl gətirib, gələcək siyasi mövcudluğunu şübhə altına almış olur.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi