- Müşahidə məntəqəsi
- 3 Oktyabr 17:45
- 4 596
Azərbaycan Türk birliyinin əsas coğrafi-siyasi halqasıdır

Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş Türk dünyası ölkələrinin güclənməsi, birləşməsi Türk dövlətlərinin təşkilatlanmasını labüd edirdi. Məhz bu səbəbdən Türk ölkələrinin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Türkdilli dövlətlər xalqları arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi, ortaq bağların və ənənələrin unutdurulmaması, regionda sülhün möhkəmləndirilməsi məqsədilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” imzalandı. Bugündən etibarən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı.
Baş katibi qazaxıstanlı Bağdad Amreyev, katibliyi İstanbulda yerləşən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı qoyulub. 4 üzvlə yaranan təşkilatın hazırda beş üzv və iki müşahidəçi ölkəsi var.
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi iki Türk dövləti arasında olan qardaşlıq münasibətləri bugün digər türk dövlətləri ilə intensiv əməkdaşlığa da sirayət edib. Azərbaycan Türk dünyasının birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib.
Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiya dövrünə düşsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etdi. Bu, pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk onlayn tədbir idi.
Xüsusən Vətən müharibəsindən sonra ölkəmizin Türk dünyası üçün əhəmiyyəti daha da artıb. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər bütün Türk dünyasının zəfəridir. Təsadüfi deyil ki, 2021-ci ildə İstanbul Zirvə görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib. Türk coğrafiyasının birləşməsi perspektivini yaradan Zəngəzur dəhlizi bu ölkələrin birliyinə qarşı yazılmış ssenarilərə kökündən zərbə endirir. Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi