Azərbaycan qlobal proseslərin diskusiyası üçün nümunəvi platformaya çevrilir - Deputat

“Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 60-dan artıq “beyin mərkəzi” rəhbərinin, tanınmış ekspert və analitiklərin Azərbaycanda toplaşması və ən mühüm siyasi məsələləri müzakirə etməsi Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsi kimi rolunu dünyaya nümayiş etdirdi. Forumda Azərbaycanın dövlət başçısının prinsipal və müdrik çıxışı və proseslərə əsil lider kimi mövqeyini ifadə etməsi son illər əldə etdiyimiz siyasi təcrübənin, Bakı platformasının siyasi diskusiyalar üçün nümunəviliyini təsdiqlədi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, Forumda çox mühüm siyasi məsələlərə toxunuldu və Azərbaycanın regionda yaratdığı reallıqlar fonunda baş verən mühüm proseslər barədə müzakirələr aparıldı.

“Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etdikdən sonra bölgədə yeni mühit formalaşıb. Bəyan olundu ki, ölkəmizin birbaşa liderliyi ilə istər xarici, istər daxili siyasətdə atılan addımlar demək olar ki, bütün dünyanın dilindədir. Azərbaycan bölgədə insanların təhlükəsiz birgə yaşayışını təmin edir, ermənilərin də bölgədə yaşayan bütün insanlar kimi Azərbaycanın layiqli vətəndaşları olaraq bütün sosial-iqtisadi, mədəni hüquqları qorunur. Cənab Prezidentin vurğuladığı kimi onların təhlükəsizliyi Azərbaycanın Konstitusiyasına uyğun və beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərimizə əsasən təmin edilir, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları bərqərar olunur. Onlara bələdiyyə seçkiləri vasitəsilə nümayəndələrini seçmək təklif edilib və bu da siyasi təmsil etmə hüquqlarının qorunması deməkdir. Bundan başqa, bölgədə bütün təminatlar qurulur, eləcə də Azərbaycan regionda ən yaxşı məskunlaşma və məşğulluq imkanları yaradır, memarlıq təcrübəsi və ən yaxşı texnologiya, o cümlədən yaşıl texnologiya tətbiq edir. Bütün bunlar yeni nümunəvi həyat standartlarıdır.

A.Hüseynov vurğulayıb ki, Azərbaycan hazırda sülh təşəbbüsündə qəti iradə nümayiş etdirir və Ermənistanın sülh sazişi imzalaması üçün mövqeyini izləyir. Ancaq 5-6 maddədən ibarət olan sülh layihəsi qarşı tərəfdədir və sənədin imzalanmasını gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır.

“Forumda dünyada və regionada baş verən qlobal proseslərə da baxış sərgiləndi, Azərbaycanın konstruktiv mövqeyi və yanaşması diqqətə çatdırıldı. Azərbaycan balanslaşmış siyasət yürüdərək bütün tərəflərlə sıx münasibətlər qurur, beynəlxalq təşkilatlarla səmərəli əlaqələri inkişaf etdirir, eləcə də hazırda ən nüfuzu qurumlardan birinə çevrilən Türk Dövlətləri Təşkilatı ilə də milli təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından hazırlanmış yol xəritəsi əsasında addımlar atılır. Azərbaycan Prezidenti dünyada ikili standartlara və ədalətsiz yanaşmlara da toxunaraq Qərbin və Aİ-nin bir sıra ölkələrə, o cümlədən qardaş Türkiyəyə və ölkəmizə qərəzli münasibətini qəbuledilməz adlandırdı və dünyaya bu cür yanaşmaların qəbuledilməz olduğunu xatırlatdı. Türkiyənin uzun illər namizəd olmasına baxmayaraq, onu Avropadan uzaq tutmaq qətiyyən qəbuledilməz və ədalətsiz yanaşma olduğunu xatırlatdı. Azərbaycanın xarici siyasət konsepsiyasında çox praqmatik səbəblərə görə Aİ-yə üzv olmaq hədəfi olmadığını və bizi heç vaxt bu quruma qəbul etməyəcəklərini, bunun da səbəbinin çox aydın olduğunu bildirdi, çünki ikili standartlar olduğu dünya reallığında Azərbaycan və Türkiyə kimi dürüst və öz qəti mövqeyi olan ölkələr Aİ-nin maraqlarına uyğun deyil".

A.Hüseynovun sözlərinə görə, Forumda Azərbaycanın Avropanın enerji təminatında aparıcı rolu, qlobal enerji və nəqliyyat dəhlizlərində strateji mövqeyi, “Bir kəmər, bir yol” təşəbbüsündə iştirakı və digər mühüm məsələlərə də toxunuldu ki, bu da bir daha ölkəmizin regional aktor kimi artan nüfuzunun göstəricisi sayıla bilər.

Rəfiqə NAMAZƏLİYEVA