Oqtay Qasımov: "Dünyada terroru bitirmək bugünkü şərtlərdə mümkün deyil”

“Rusiyada baş verən terror hadisəsi əlbəttə ki, böyük hadisədir və dünyadakı proseslərə ciddi şəkildə təsir edəcək. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, dünyanın heç bir ölkəsi, hətta ən güclü kəşfiyyat və kəşfiyyatına malik olan dövlətlər belə terror hadisələrindən sığortalanmayıb. Bunun nümunəsi olaraq 2001-ci ilin 11 sentyabrında Amerikada baş verən terror hadisələri, 2016 -2018-ci illərdə Parisdə və Brüsseldə baş verən terror hadisələri, o cümlədən 90-cı illərdə Tokio metrosunda, London metrosunda baş verən hadisələr onu göstərir ki, terror hər zaman bir təhlükə olaraq bəşəriyyətin qarşısında dayanıb. Bu terror hadisəsindən də ölkələr öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Təbii ki, terror aktını törədənlərin və əsas olaraq onun sifarişçiləri və təşkilatçıları ilə bağlı məsələ hələ də aydınlaşmadığı üçün suallar çoxdur. İlk dönəmlər Amerika və Böyük Britaniya tərəfindən bu işdə İŞİD-in əli olduğu deyilsə də, sonradan İŞİD bu terraktı öz üzərinə götürməkdən imtina etdi. Bu baxımdan orada açıq məsələlər çoxdur”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Siyasi şərhçi qeyd edib ki, terror təhlükəsi hər zaman olacaq və bu baxımdan da Avropanın bir çox ölkələri, o cümlədən yayda keçiriləcək Olimpiya Oyunlarında da təhlükəsizlik səviyyəsinin ciddi şəkildə yüksəldilməsi məhz bununla bağlıdır.

“Nəzərə almaq lazımdır ki, hər bir terrorçu təşkilatın arxasında hansısa bir böyük güc dayanır. Bu baxımdan xüsusilə də son 40 ildə terrorçu təşkilatlardan böyük güclər öz məqsədləri üçün istifadə etməyə çalışıblar. Onlardan proksi qüvvələr kimi istifadə ediblər. Bir müddət öncə Əl-Qaidə idi, ondan sonra İŞİD oldu. Bundan başqa da çoxsaylı terror təşkilatlarının adını sadalamaq olar. Terror təşkilatının birinin fəaliyyəti dayanıb, sonra o birisinin fəaliyyətinin artması o deməkdir ki, yeni terror təşkilatları adı dəyişir. Sadəcə olaraq terror təhlükəsi hər zaman qalmaqdadır və qalacaq. Əlbəttə ki, terror təhlükəsi həm Türkiyədə, Rusiyada mövcuddur. O cümlədən bölgəmizə də mənfi şəkildə təsir edir. Azərbaycan da məhz cəmiyyət, dövlət olaraq buna hazır olmalıdır və biz ayıq-sayıq olmalıyıq. Xüsusilə də cəmiyyət, vətəndaşlar bu məsələlərə diqqətli yanaşmalıdırlar. İstənilən şübhəli məsələlərlə bağlı təbii ki, müvafiq qurumlar məlumatlandırılmalıdır. Terror bir bəladır və nəzərə alsaq ki, hər bir terror təşkilatının arxasında müəyyən güc durur. Hazırda bir çox savaşlarda məhz terrorçu təşkilatlardan da istifadə olunur. Konkret olaraq Yaxın Şərqdə baş verənlərə diqqət etsək, son dövrlər bunu daha əyani şəkildə görə bilərik. Bu baxımdan bir daha qeyd etmək istəyirəm ki, terror hər zaman gözlənilməlidir. Dünyada terroru bitirib, onu sıfıra çatdırmaq demək olar ki, bugünkü şərtlərdə mümkün deyil”.

Rəfiqə NAMAZƏLİYEVA