Əsas arzumuz Gürcüstanda daimi stabilliyin, əmin-amanlığın olmasıdır - Vüqar İskəndərov

“Gürcüstanda oktyabrda keçiriləcək parlament seçkilərində müxalifət qalib gəlsə, ölkə bir neçə gün ərzində Rusiya ilə hərbi qarşıdurmanın ikinci cəbhəsinə çevriləcək. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib”.

“Artıq uzun müddətdir ki, Gürcüstanda ictimai-siyasi vəziyyət kövrəkdir. Müxalifətin uzun zaman davam edən mitinqləri, yeni qəbul olunmuş qanuna etirazları səngimək bilmir. Bu mənada cəmiyyətdə bir müqavimət formalaşdırmaq cəhdləri hətta bu gün də davam edir və Gürcüstan hakimiyyəti isə təbii olaraq öz mövqeyində, fikirlərində israrlıdır. Yeni qəbul olunmuş qanunun əsaslandırılmasını təmin etməyə çalışır, cəmiyyətə bunun izahını verir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Millət vəkili qeyd edib ki, müxalifət tərəfindən Rusiyada qəbul olunmuş qanunun surətinin burada qəbul edilməsi fikri Gürcüstanda birmənalı qəbul edilmir.

“Demək olar ki, əhali az qala ikiyə bölünüb. Digər məsələ isə Gürcüstan hakimiyyəti baş verənləri qanunun zamanında ABŞ-ın, İsrailin, Avstraliyanın da qəbul etdiyini hazırda Fransa və digər ölkələrdə isə müzakirədə olduğunu nəzərə çatdırır. Son 2022-ci ili götürsək, hətta Rusiya Gürcüstan arasında ticarət dövriyyəsi bir milyard dollara yaxın olub və artmaq üzrədir. Rusiya iş adamlarında Gürcüstanda maraqlarının artması hiss olunur. Bu, əslinə qalsa, Gürcüstan hakimiyyətinin müstəqil siyasət həyata keçirilməsinə bir işarədir. Təbii ki, dövlət özü hansı yolla gedəcəyini və hansı formada inkişaf edəcəyini formalaşdırır, o yolu tutur və bununla da həmin yolla gedir. Müxalifət artıq özünü Qərbyönümlü göstərməklə bir növ indiki iqtidarı Rusiya ilə işbirliyində suçlamağa cəhd edir. Payızda seçkilərdir və bu məsələləri həm də bir növ müxalifətin öz gücünü sınaması, həmçinin iqtidarın isə müqavimətinin möhkəmləndirilməsi kimi də anlaşılmalı olmalıdır. Təbii olaraq son zamanlar müxalifətin aktivliyi hiss olunur. Əgər müxalifət qalib gələrsə, nəyin baş verəcəyini hazırda bir fikir kimi söyləmək çətin olardı. Amma düşünmürəm ki, qəfildən tamamilə radikal dəyişikliklər baş verəcək. Çünki Gürcüstanda əsas iki iqtidar, əgər müxalifətin qalib gəlməsi təmin olunarsa, bu zaman ölkədə vətəndaş müharibəsi və hətta Rusiya ilə qarşıdurmanın baş tutmasını, qısa vaxt ərzində iqtisadi çətinliklərin baş verəcəyini proqnoz kimi verir. Müxalifət isə özünün yeni proqramının hazır olduğunu söyləyir və bununla ictimaiyyətə açıqlanacağını qeyd edir. Əsas bütün məsələlər seçkidə, təbii ki, öz həllini tapacaq. Gürcüstan bizim üçün çox vacib ölkədir. Dost strateji əlaqələrimizin durmadan inkişaf edir. Bütün sahələrdə əlaqələrimiz yüksək səviyyədədir. Düşünürəm ki, əsas arzumuz Gürcüstanda daimi stabilliyin, əmin-amanlığın olmasıdır. Arzu edirəm ki, əsas xalqın iradəsi öz rolunu oynasın və Gürcüstanda həmişə dirçəliş, inkişaf və stabillik hökm sürsün”.

Rəfiqə NAMAZƏLİYEVA