"Yaxın 3-5 ildə rus bölmələri sıradan çıxacaq" - Məzahir Məmmədli

“2025-2026-cı tədris ili üçün sosial şəbəkələrdə və mediada ali təhsil müəssisələrinin rus bölmələrinə qəbulun dayandırılması ilə bağlı yayılan məlumatlar yanlış oldu. Dövlət İmtahan Mərkəzi də bunu təkzib etdi. Ümumtəhsil məktəblərində hələ rus bölmələri mövcuddursa, məntiqə əsasən ali təhsil müəssisələrində də bu bölmələr bir neçə il daha fəaliyyət göstərəcək. Lakin rus bölmələrinin gələcəyi ilə bağlı məsələnin kök səbəbinə gəlincə, düşünürəm ki, bu proses təbii axarı ilə 3-5 il ərzində tamamilə sıradan çıxacaq”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, bəzi ali məktəblərdə rus dili bölməsinə ixtisas seçiminin aparılmayacağı barədə yayılan xəbərlər təsdiqini tapmayıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2025-2026-cı tədris ili üçün rus sektoru üzrə ixtisas seçimi həyata keçiriləcək: “Rus sektoru üzrə ixtisas seçiminə dair elanlar həmişə olduğu kimi, ayrıca jurnalda çap olunacaq.”

Ekspert bildirib ki, Azərbaycanda ümumtəhsil məktəblərində artıq ixtisaslı fənn müəllimlərinin sayı kifayət etmir.

“5-ci sinifədək ibtidai sinif müəllimləri tədris aparır, lakin 5-ci sinifdən sonra fənn müəllimlərinin sayı ciddi şəkildə azalıb. Pedagoji kadr hazırlayan universitetlərin rus bölmələrində müəllim ixtisası üzrə hazırlıq demək olar ki, yoxdur. Bu səbəbdən rus bölmələrində kadr çatışmazlığı yaranıb və nəticədə onlar tədricən fəaliyyətini dayandırır. Bunun üçün xüsusi kampaniyaya ehtiyac yoxdur. Bəziləri bu prosesi Azərbaycanla Rusiyanın son vaxtlar yaşadığı siyasi gərginliklə əlaqələndirsə də, bu tendensiya artıq son 3-5 ildə başlamışdır. Yaşlı müəllimlər sıradan çıxdıqca və onların yerinə yeni nəsildə rus bölməsinə maraq göstərənlərin sayı azalmaqda davam etdikcə, yaxın 3-5 il ərzində rus bölmələri tamamilə sıradan çıxacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az