“Azərbaycan dili imtahanı dilimizin qorunmasına xidmət edir” – Ramin Nurəliyev

“Dilimizlə bağlı hesab edirəm ki, kifayət qədər tədbirlər həyata keçirilir. Əlbəttə, bunun daha da genişləndirilməsi və cənab nazirin qeyd etdiyi kimi inkişaf etdirilməsi mütləqdir. Çünki biz öz doğma dilimizi yalnız Azərbaycanda deyil, bütün dünyada tanıtmağa çalışmalıyıq. Dövlət dilimizin daha geniş miqyasda tanınmasını istəyiriksə, buna uyğun tədbirlər planı hazırlanmalıdır. Bu, mütləq və vacibdir. İlk növbədə Azərbaycan dili ilə bağlı görülən işlərə baxaq. Hazırda Azərbaycan dili bir çox ölkələrdə doğma dil kimi təbliğ olunur, lakin problemlər mövcuddur. Məsələn, orta ümumtəhsil məktəblərində Azərbaycan dili dərs saatları kifayət qədərdir, xüsusilə ibtidai siniflərdən başlayaraq yuxarı siniflərə qədər. Azərbaycan dili demək olar ki, ən çox dərs saatı olan fənlərdən biridir. Dövlət dilinin digər bölmələrdə, xarici dillərdə tədris olunan məktəblərdə də öyrədilməsi təmin edilir. Burada şagirdlər mütləq Azərbaycan dilindən imtahan verməli və müəyyən nəticə əldə etməlidirlər. Ən azından ümumi imtahan nəticəsinin 50%-dən yuxarı nəticə əldə edilməlidir ki, ali təhsil müəssisələrinə qəbul oluna bilsinlər. Bu, digər dildə təhsil alan şagirdlər üçün də vacibdir və Azərbaycan dilini mütləq öyrənmələrini təmin edir. Dövlət təhsil müəssisələrində, məsələn, Rus bölmələrində də tədris aparılsa belə, Azərbaycan dilində dərs keçilməlidir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” konfransında elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan dilinin fənn kimi tədrisi vacib məsələləri əks etdirir. Nazir dilin düzgün öyrədilməsi və şagirdlərin yüklənməsinin qarşısının alınmasının əsas məqsəd olduğunu vurğulayıb, dərs saatlarının artırılması ilə bağlı proqramların hazırlandığını deyib. O həmçinin qeyd edib ki, dilin tədrisi ilə bağlı məsuliyyət müəllimlərin üzərinə düşür və sertifikasiyadan keçməyən müəllimlərin əmək müqaviləsinə xitam verilib.

Ekspert bildirib ki, bu, həm özəl, həm də xarici təhsil müəssisələrinə aiddir və təqdirəlayiq addımdır.

"Xarici tələbələr də Azərbaycan dilində tədris olunan ixtisaslara qəbul üçün mütləq dil imtahanından keçməlidirlər. Əgər nəticə müsbət deyilsə, həmin tələbə bir il Azərbaycan dilinin hazırlıq kursunda təhsil alır. Bu yanaşma dünyanın hər yerində tətbiq edilir və dilimizin qorunmasına xidmət edir. Qəbul imtahanlarında bütün ixtisas qruplarında Azərbaycan dilinin olması da müsbət addımdır. Bu, dövlət tərəfindən dilimizə verilən dəyərin göstəricisidir. Ümumiyyətlə, belə tədbirlər, olimpiadalar, müsabiqələr və fərqli təşviqat kampaniyaları dilimizin inkişafına müsbət təsir göstərir. Lakin bəzi problemlər hələ də qalır. Məsələn, gənclərimizin söz ehtiyatı azdır. Bəzi hallarda rus, türk və ya ingilis sözlərindən istifadə olunur. Bədii ədəbiyyata marağın az olması da söz ehtiyatının genişlənməsinə mane olur. Buna görə şagirdlərimiz bədii ədəbiyyata daha çox üstünlük verməli, söz ehtiyatını artırmalıdırlar. Nitq mədəniyyəti və natiqlik bacarıqları da zəifdir. Əksər şagirdlər ictimaiyyət qarşısında rahat danışa bilmir. Bu istiqamətdə məktəblərdə nitq mədəniyyətinin, natiqlik sənətinin öyrədilməsi vacibdir. Hazırda, misal üçün, şagirdlərin cəmi 5%-i rahat və düzgün nitq qabiliyyətinə malikdir, qalan 95%-i ciddi çətinlik çəkir. Gənclərin küçədə, şəhərdə, ictimai yerlərdə rus dilli sözlərdən istifadə etməsi də arzuolunan deyil. İki Azərbaycanlı gəncin Azərbaycan dilində danışması daha məqsədəuyğundur. Bu istiqamətdə təbliğat, təşviqat, qeyri-hökumət təşkilatları və ictimai birliklər fəal olmalıdır. İbtidai siniflərdən başlayaraq şagirdlər Azərbaycan dilini mükəmməl öyrənməli, yazılış və tələffüz qaydalarına riayət etməlidirlər. Bədii əsərlərə üstünlük vermək gənclərin söz ehtiyatını artıracaq və dil bacarıqlarını inkişaf etdirəcək. Azərbaycan dili həm doğma, həm də dövlət dilimizdir və Konstitusiyada qeyd olunur. Ana dilimizi sevməli və sevdirməliyik. Bu, hər birimizin borcudur. Təhsil Nazirliyi və digər müvafiq qurumlar tərəfindən atılan hər bir addım, istər tədris, istər təşviqat, istər olimpiadalar və tədbirlər olsun, təqdirəlayiqdir və dilimizin inkişafına xidmət edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az