“Düzgün kadr siyasəti Süni İntellektin real təsir gücünü artırır”

“Süni İntellekt iqlim dəyişikliklərinə qarşı mübarizədə də vacib rol oynayır. Belə ki, bu, təbiətdəki dəyişiklikləri daha dəqiq anlamaq, riskləri öncədən hesablamaq və ekoloji siyasətimizi gücləndirmək imkanı yaradır. İqlim risklərinin erkən proqnozlaşdırılması da süni intellektin əsas üstünlüklərindəndir”.

Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Nigar Məmmədova Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı belə deyib. O, bildirib ki, Süni İntellekt daşqın, quraqlıq, isti hava dalğası kimi fövqəladə iqlim hadisələrini öncədən təyin edir və beləliklə, infrastrukturun, kənd təsərrüfatının və insanların təhlükəsizliyinin təmin edilməsinə yardım edir.

Deputat hesab edir ki, bununla belə, iqlimlə bağlı texnologiyaların effektiv istifadəsi yalnız texnikadan deyil, həm də düzgün kadr siyasətindən asılıdır: “Beynəlxalq Valyuta Fondunun hesabatına görə qlobal məşğulluğun təxminən 40%-i Sİ-nin təsiri altındadır. Bu xüsusda yaşıl məşğulluğun inkişafı, ekoloji sahədə rəqəmsal bacarıqlara malik mütəxəssislərin hazırlanması və davamlı təlim proqramları süni intellektin iqlim siyasətində real nəticə verməsi üçün əsas şərtlərdir. Qeyd edim ki, bir çox ölkələr bu sahədə uğurlu modellər tətbiq edir. Məsələn, Türkiyənin “Yaşıl Transformasiya” modeli şəhər iqlim monitorinqinin keyfiyyətini artırıb. Skandinaviya ölkələri iqlim texnologiyalarının tətbiqində əvvəlcədən hazırlanan ekoloji kadr resursuna güvənir.

Yaponiya süni intellekt, robot texnologiyaları və ekoloji mühəndisliyi birləşdirərək sənaye emissiyalarını əhəmiyyətli dərəcədə azaldıb. Bu nümunələr göstərir ki, iqlim dəyişikliyinə qarşı mübarizənin əsasında yalnız texnologiya deyil, həm də onu idarə edə bilən savadlı mütəxəssislər dayanır. İnnovativ yanaşma, düzgün kadr siyasəti və strateji planlaşdırma süni intellektin bu sahədə real təsir gücünü artırır”.

N.Məmmədova onu da bildirib ki, Süni İntellekt həmçinin karbon tutma texnologiyalarının optimallaşdırılmasında, yaşıl hidrogen istehsalının səmərələşdirilməsində mühüm rol oynayır: “Şəhərlərdə isə enerji istehlakını, nəqliyyat axınını və insanların davranış modellərini proqnozlaşdırmaqla iqlim tədbirlərinin sosial təsirini əvvəlcədən təhlil edir. Bir sözlə, süni intellekt iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə ən perspektivli alətlərdən biridir.”

Nigar Məmmədova,

Milli Məclisin deputatı