“Təhlükəli trendlər gənclərə ciddi təsir edir” - Hüseyn İbrahimov

“Həqiqətən də bu məsələ bugün bizim cəmiyyətimizdə gəncləri ciddi şəkildə düşündürür. Çünki bu problem təkcə gəncləri deyil, eləcə də yaşlı nəslin nümayəndələrini, valideynləri və sosial institutları da narahat edir. Təhlükəli oyunların “trend” adı altında yaratdığı mənfi psixoloji stereotiplər və risklərin insan davranışına təsiri getdikcə artır. Bu, dünyanın bir çox ölkəsində müşahidə olunan ümumi tendensiyadır. Xüsusilə də süni intellektin və rəqəmsal texnologiyaların ailə, təhsil, sosial institutlar və müxtəlif virtual qruplar da daxil olmaqla həyatın bütün sahələrinə daha dərindən nüfuz etməsi bu risklərin miqyasını genişləndirir. Rəqəmsal mühitin sosyallaşdırıcı və birləşdirici funksiyasının artması təhlükələrin miqyasını daha da böyüdür”.

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Qeyd edək ki, son illərdə sosial şəbəkələr gənclər arasında yalnız məlumat paylaşmaq üçün bir platforma olmaqdan çıxıb, eyni zamanda davranış və həyat tərzi nümunələrinin formalaşdığı bir sahəyə çevrilib. TikTok, Instagram və digər platformalarda yayılan “challenge”lər, təhlükəli oyunlar və viral trendlər gənclərin psixologiyasına, sosial münasibətlərinə və risk qavrayışına təsir göstərir. Ekspertlər qeyd edir ki, bu fenomen sadəcə “əyləncə” deyil, həm də cəmiyyətdə sosial normaların dəyişməsinə və gənclərin təhlükəsizliyinə təsir edən ciddi bir prosesdir.

Sosioloq qeyd edib ki, buna baxmayaraq, mövcud problemləri yalnız sosial medianın üzərinə yükləmək düzgün yanaşma deyil.

"Sosial medianın pozitiv tərəfləri də çoxdur. Əslində sosial media maarifləndirici bir vasitədir və müasir informasiya mühitinin ayrılmaz hissəsidir. Lakin sosial medianın müəyyən seqmentlərində bu kimi təhlükəli meyllər və trendlər də yerləşir. Buna görə də onlardan qorunmağın yolu sosial media mədəniyyətinin güclənməsindən keçir. Bu neqativ tendensiyaların artması cəmiyyətdə, xüsusilə də gənclər arasında ciddi narahatlıq yaradır. Sosial media platformaları və müxtəlif rəqəmsal şəbəkələr vasitəsilə yayılan məlumatlar bəzən maarifləndirmə vasitəsinə çevrilsə də, bəzən də risk doğuran məzmunun yayılmasına şərait yaradır. Bu səbəbdən təhlükəli oyunları və riskli trendləri ümumi “media problemi” kimi təqdim etmək düzgün deyil. Biz sosial medianı rəqəmsal asılılıqla qarışdırmamalıyıq. Bir çox ölkələrdə həm yeniyetmələrin, həm də gənclərin rəqəmsal asılılıq probleminin aradan qaldırılmasında sosial media müəyyən hallarda alət kimi də istifadə olunur. Sosial media platformalarından düzgün keçidlər rəqəmsal asılılığın azaldılmasına dəstək ola bilər. Rəqəmsal asılılıq isə həm təhlükəli trendlərə, həm oyunlara, həm də müxtəlif əyləncə məzmunlarına həddindən artıq marağı stimullaşdırır. Bu problem təkcə Azərbaycan cəmiyyətinə xas deyil, bütün dünyada geniş yayılmış qlobal bir məsələdir. Təəssüf ki, bu tendensiya bizdə də getdikcə artır və bu, əlbəttə ki, arzuolunan hal deyil. Müşahidə edirik ki, bir çox yeniyetmə və gənc artıq sosiallaşmadan uzaq düşür. Onlar küçəyə çıxanda və ya hər hansı məkanda olduqda qulaqcıqsız hərəkət edə bilmirmiş kimi davranırlar, özlərini cəmiyyətin bir parçası kimi hiss etməkdə çətinlik çəkirlər. Bu vəziyyət rəqəmsal asılılığın sosial davranışa təsirinin açıq göstəricisidir. Bütün bu neqativ meyllərin aradan qaldırılması üçün sosial medianın funksiyalarını düzgün ayırd etmək lazımdır. İnformasiya asılılığı və rəqəmsal asılılıq bir-birinə qarışdırılmamalıdır. Rəqəmsal asılılığın azaldılması istiqamətində sosial medianın müəyyən rolu var və bu imkanları araşdırmaq, təkmilləşdirmək və tətbiq etmək üçün yeni metodlar üzərində düşünmək vacibdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az