“Ali məktəblərdə fərqlilik əsasən rəhbərliyin idarəetməsindən asılıdır” - Ramin Nurəliyev

“Ümumiyyətlə, ölkəmizdə ali təhsil müəssisələrinə diqqət yetirdikdə görürük ki, bəzi universitetlərdə maddi-texniki baza kifayət qədər güclüdür, lakin digərlərində vəziyyət olduqca acınacaqlıdır. Bu fərqlərin yaranması, ilk növbədə, həmin ali məktəbləri idarə edən rəhbərliyin fəaliyyətindən asılıdır. Məsələn, UNEC, ADA Universiteti və Bakı Ali Neft Məktəbinin təcrübələrinə baxdıqda onların dövlət tərəfindən maliyyələşdirildiyini, həm dövlət sifarişi, həm də ödənişli əsaslarla təhsil alan tələbələrin ödədikləri vəsaitlərlə fəaliyyət göstərdiklərini görürük. Bu baxımdan bütün dövlət universitetlərinin maliyyələşmə mexanizmləri eynidir. Lakin tələbə kontingenti daha az olan bəzi ali məktəblər maddi-texniki təminat baxımından daha zəif durumdadır. Halbuki daha böyük tələbə sayına malik digər universitetlər onlardan geri qalır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, Azərbaycanda ali təhsil əsasən ödənişli sistem üzərində qurulub: təhsil haqqı ya birbaşa tələbələr tərəfindən, ya da dövlət sifarişi çərçivəsində büdcə vəsaiti hesabına ödənilir. Bu vəsait müəllimlərin maaşlarının formalaşmasına, həmçinin universitetlərin inzibati və texniki xərclərinin qarşılanmasına yönəlir. Lakin praktikada müəyyən uyğunsuzluqlar müşahidə olunur. Son illər ali məktəblərdə təhsil haqlarının mərhələli artımına baxmayaraq, bir çox universitet auditoriyalarında işlək proyektorlar və müasir təqdimat vasitələri kimi elementar texniki resurslar çatışmır. Kafedralarda kompüter təminatı ya köhnə avadanlıqlara əsaslanır, ya da sistemli şəkildə qurulmayıb.

Ekspert bildirib ki, dövlət universitetlərinin maliyyələşmə prinsipləri eyni olsa da, fərqliliklər əsasən idarəetmə modelindən irəli gəlir.

"Özəl universitetlərdə ödənişlərin əksər hallarda dövlət universitetləri ilə eyni səviyyədə olmasına baxmayaraq, onların rəhbərliyi maliyyə dövriyyəsini daha səmərəli təşkil edir. Bu isə o deməkdir ki, dövlət universitetlərinin rəhbərləri də düzgün idarəetmə vasitəsilə eyni nəticəni rahatlıqla əldə edə bilərlər. Çünki dövlət universitetlərinə ayrılan imkanlar daha genişdir, tələbə sayı isə çox vaxt özəl universitetlərdən daha yuxarı olur. Beynəlxalq təcrübədə, xüsusən ABŞ universitetlərində universitetlər publik hüquqi şəxs kimi fəaliyyət göstərir və müxtəlif mənbələrdən, o cümlədən inayələrdən (donasiyalardan) maliyyə cəlb edirlər. Bu inayələr bəzi universitetlərin büdcəsinin kiçik bir ölkənin büdcəsi ilə müqayisə ediləcək səviyyəyə çatmasına imkan verir. Bizdə isə universitetlərin maliyyələşməsi əsasən dövlət büdcəsi və tələbə ödənişləri hesabına formalaşır ki, bu da inkişaf üçün tam yetərli olmur. Əslində dövlət bütün universitetlərə dəstək göstərir: hansı ali məktəb maddi-texniki baza ilə bağlı ehtiyac irəli sürübsə, bu, təmin edilib. Lakin bəzi universitet rəhbərlərinin passivliyi, idarəetmədəki səriştəsizlik və qeyri-proaktiv yanaşma səbəbindən problemlər yaranır. Region universitetlərinə də dövlət tərəfindən kifayət qədər dəstək verilir, lakin universitet rəhbərliyi aktiv şəkildə layihələr təqdim etməli, əməkdaşlıqlar qurmalı və alternativ maliyyə mənbələri axtarmalıdır. Universitetlər publik hüquqi şəxs kimi tam özünü maliyyələşdirmə modelinə keçərsə, hazırkı şəraitdə əksəriyyəti dövlət dəstəyi olmadan ayaqda qala bilməz. Avropanın bir çox ali məktəblərində maliyyə dövriyyəsi çox böyük rəqəmlərlə ifadə olunur, bizdə isə belə bir sistem hələ formalaşmayıb. Bunun üçün həm şəffaf idarəetmə, həm də universitet daxilində əməkdaşlıqların, layihələrin və inayə fondlarının genişləndirilməsi vacibdir. Məsələn, UNEC, ADA Universiteti və ya Bakı Ali Neft Məktəbi kimi özünü doğrultmuş ali məktəblər istənilən təşkilata müraciət etdikdə, onlara laboratoriyaların qurulması və digər infrastruktur layihələri üçün dəstək göstərilə bilər. Bu praktika bütün ali təhsil müəssisələrində tətbiq olunmalıdır. Nəticə etibarilə, ali təhsildə maddi-texniki bazanın gücləndirilməsi, laboratoriyaların qurulması, mühəndislik və tibb sahələri üzrə praktik tədris mühitinin yaradılması, universitet daxilində kiçik istehsal sahələrinin formalaşdırılması birbaşa olaraq düzgün idarəetmə strategiyasından asılıdır. Əgər idarəetmə düzgün təşkil olunarsa, universitetlər həm dövlət dəstəyi, həm tələbə ödənişləri, həm də əməkdaşlıqlar və inayələr hesabına daha sürətli inkişaf edə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az