“Təhsildə hər problemin ünvanı nazir olmamalıdır” - Məzahir Məmmədli

"Artıq elə bir vəziyyət yaranıb ki, bugün məktəblərdə baş verən hər hansı bir hadisəyə, dərs dinləməyə, dərsə hazırlıqsız gələn şagirdə və ya digər məsələlərə həm valideynlər, həm də ətrafda müşahidəçi olanlar birbaşa Təhsil Nazirini sorğuya çəkir və sual edirlər “Niyə belədir?”. Əslində bu məsələlər mərhələli şəkildə həll olunmalıdır: əvvəlcə sinif rəhbərindən, direktor müavinlərindən, direktor və regional təhsil idarələrinə aid sektorlardan başlayır, daha sonra yuxarı instansiyalara çatdırılır. Amma biz həmişə birbaşa Naziri hədəf seçirik. Sosial şəbəkələrdə bu mövzu ciddi müzakirələrə səbəb olur. Nazir tərəfindən səsləndirilən “Əgər şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verilməlidir?” fikri isə mənim baxışıma görə yerində deyil və belə sadələşdirilmiş yanaşmanı doğru hesab etmirəm".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayevin müsahibəsində səsləndirdiyi “Əgər şagird yaxşı öyrənmirsə, onda müəllimə niyə maaş verməliyik?” ifadəsi Azərbaycan təhsil sistemi və müəllim fəaliyyətinin qiymətləndirilməsi mövzusunda mühüm müzakirələrə yol açıb. Nazir burada təhsilin nəticəyönümlü olması və müəllimlərin peşəkar məsuliyyəti barədə fikirlərini ifadə edib.

Ekspert qeyd edib ki, bu fikir əsasən ibtidai siniflər üçün nəzərdə tutulmuş ola bilər.

"Çünki ibtidai siniflərdə hər şeyin təşkili əsasən müəllimin üzərindədir. Bu siniflərdə müəllimlərin idarəetməsi və şagirdlərin öyrənməsi üzərində diqqət artırılmışdır. Beləliklə, ola bilər ki, Nazir bu fikri məhz ibtidai siniflər üçün səsləndirib. Müəllim bu mərhələdə zaman və diqqəti düzgün yönəldərək şagirdlərin öyrənməsini təmin etməyə çalışır. Digər tərəfdən, yuxarı siniflərdə şagirdlər arasında maraq və motivasiya fərqlidir. Bəzi şagirdlər dərslə maraqlanmır, amma buna görə də bütün məsuliyyəti yalnız müəllimə yükləmək düzgün deyil. Müəllim sinifdə 30 şagirdi eyni şəkildə idarə edir və hər bir şagirdin fərdi bacarığını diktə edə bilməz. Hər sinifdə müxtəlif istiqamətlərə yönələn şagirdlər olur: bəziləri kriminal mühitə meylli ola bilər, bəziləri alim, mühəndis, musiqiçi kimi fərqli sahələrə yönəlir. Ona görə müəllim bütün şagirdlərin eyni səviyyədə öyrənməsini təmin edə bilməz. Bu, praktikada çox çətin, demək olar ki, qeyri-mümkün bir vəziyyətdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az