- Göz önü
- 00:01
- 1 460
“Milli iradənin təntənəsi – 3 Oktyabr tarixi” - Pərvanə Vəliyeva

1993-cü il oktyabrın 3-də Azərbaycanın müasir tarixində dərin iz buraxan mühüm hadisə baş verdi. Xalqın mütləq əksəriyyətinin iradəsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu gün həmin tarixi günün ölkəmizin dövlətçiliyi və gələcək inkişafı üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi aydın şəkildə görünməkdədir.
1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi, sosial və iqtisadi böhranla üz-üzə qalmışdı. Daxili çəkişmələr, idarəetmədə səriştəsizlik, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı xalqı dərin bir ümidsizliyə sürükləmişdi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətçiliyinin mövcudluğu ciddi təhlükə altına düşmüşdü.
Belə bir həssas dönəmdə xalqın yeganə ümid yeri Ümummilli Lider Heydər Əliyev oldu. Azərbaycan xalqı, onun siyasi uzaqgörənliyinə, idarəçilik təcrübəsinə və müstəqil dövlət quruculuğundakı qətiyyətinə güvənərək, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş ümumxalq səsverməsində Heydər Əliyevi Prezident seçdi.
Bu seçkilər təkcə bir liderin Prezident postuna gəlməsi deyil, həm də dövlətçiliyin xilası, sabitliyin bərqərar olması və gələcək uğurların təməlini təşkil edən tarixi qərar oldu.
Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.
Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün gördüyü işlər çoxşaxəli və tarixi əhəmiyyətə malikdir. O, həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafında həlledici rol oynamışdır.
Heydər Əliyevin Prezident seçilməsindən sonra Azərbaycanda bir çox mühüm addımlar atılmışdır. Belə ki, Ulu Öndər Prezident seçildikdən sonra qanunsuz silahlı birləşmələr ləğv edildi, Konstitusiya quruluşu bərpa edilərək hüquqi islahatlara start verildi, dövlətçiliyin əsasları möhkəmləndirildi, beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyi gücləndi, neft strategiyası formalaşdırıldı və 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanaraq ölkənin iqtisadi inkişafına yeni nəfəs verildi, silahlı qüvvələrin formalaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə dərin islahatlar həyata keçirildi.
Bundan başqa, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir.
Heydər Əliyev təkcə bir siyasi lider deyil, müasir Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskarı və gələcəyə yol açan müdrik rəhbər olmuşdur. Onun uzaqgörənliyi, qətiyyəti və xalqına olan sədaqəti nəticəsində Azərbaycan dövlətçiliyi qorundu, müstəqillik möhkəmləndi və inkişafın təməli qoyuldu.
Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib.
Bu gün Azərbaycan Respublikasının müstəqil, güclü və suveren dövlət kimi mövcudluğu, beynəlxalq aləmdə nüfuz qazanması məhz 3 oktyabr 1993-cü il tarixində atılan möhkəm təmələ əsaslanır. Ulu Öndər Heydər Əliyevin milli maraqlara söykənən müdrik siyasəti ölkəmizin inkişaf yolunu müəyyən etmişdir.
Prezident Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar və strateji qərarlar Azərbaycanı tənəzzüldən çıxararaq, dinamik inkişaf edən dövlətə çevirdi. Bu gün də həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
3 oktyabr tarixi xalqın öz gələcəyinə sahib çıxaraq, müdrik seçim etdiyi və Azərbaycan dövlətçiliyinin xilası üçün dönüş nöqtəsinə çevrilən unudulmaz bir gündür.
Milli Məclisin deputatı,
Pərvanə Vəliyeva