Həşim Səhrablı: Türkiyə regional güc balansını qorumağa çalışır”

“Son günlər Türkiyə İrana nüvə proqramı ilə bağlı dəstək göstərə biləcək və ya bu sahədə fəaliyyət göstərən müxtəlif İran və yerli şirkətləri, həmçinin onların əlaqələrini bloklayıb. Bu məlumatlar mediada yayımlanıb. Bunun ABŞ administrasiyası ilə razılaşmalardan sonra baş verməsi müəyyən mənada Türkiyə və ABŞ arasında regional məsələlərdə bəzi razılaşmalar əldə olunduğunu göstərir. Belə bir qərarın verilməsi həmin razılaşmaların bir hissəsi kimi qiymətləndirilir. Eyni zamanda, Türkiyə hesab edir ki, yalnız ABŞ-la əlaqələrinə fokuslanmaqla öz maraqlarını qorumaq kifayət etmir. Ankara yerli qüvvələrlə, xüsusən də İran dövləti ilə əlaqələri qoruyub saxlamaq və inkişaf etdirməkdə maraqlıdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, Türkiyənin Van vilayətinin Başkale rayonu ilə İranın Qərbi Azərbaycan vilayətinin Salmas şəhəri arasında dördüncü sərhəd-keçid məntəqəsinin yaradılması planlaşdırılır. Yeni keçid məntəqəsi Kuzareş–Gəlinciq xəttində fəaliyyət göstərəcək və Bazərqan, Razi və Sərv sərhəd keçid məntəqələrindən sonra iki ölkəni birləşdirən növbəti sərhəd keçidi olacaq.

Siyasi şərhçi qeyd edib ki, buna görə qəbul olunan qərarlara paralel olaraq İranla sərhəd keçid məntəqələrinin açılması Türkiyəyə imkan verir ki, qlobal qarşıdurmaların şiddətinin artdığı və potensial eskalasiya riskinin yüksəldiyi şəraitdə iki tərəf arasında balanslı mövqe tutsun.

“Ankara həm ABŞ-la, həm də İranla əlaqələrini nizama salmağa, baş verə biləcək hadisələrdən faydalı tərəf kimi çıxmağa çalışır. Sərhəd keçid məntəqələrinin açılması həm də göstərir ki, Ankara İranın nüvə dövlətinə çevrilməsini istəmir. Bu, onun nüvə proqramına qoyduğu məhdudiyyətlər və regional güc balansını qorumaq məqsədini əks etdirir. ABŞ-ın dəstəyi ilə bu təhlükəni minimuma endirməyə çalışır. Digər tərəfdən, Ankara İranın bölgədə Türkiyənin potensial düşmənləri ilə mübarizədə dəstək verə biləcəyini nəzərə alaraq, həmçinin İranın təsir dairəsinin Türkiyəyə yaxınlığını dəyərləndirərək, quru əlaqələrini inkişaf etdirmək, ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir. Növbəti on illərdə iki ölkə bir-biri ilə iqtisadi və siyasi sahədə nə qədər yaxınlaşsa, bu həm iki tərəfə fayda gətirəcək, həm də qarşılıqlı düşmənçilik riskini azaldacaq. Türkiyə və İran üçün regionda əlavə düşmənə ehtiyac yoxdur. Hər iki dövlət, xüsusən də Qərbin imperial maraqlarına boyun əyməyən İslam ölkəsi olaraq, bir-birlərinin strateji əhəmiyyətini anlayır. Bu səbəbdən Ankara və Tehran iqtisadi və siyasi əlaqələri dərinləşdirməyə, yeni layihələr və əməkdaşlıqlar həyata keçirməyə çalışacaq. Ola bilər ki, yaxın gələcəkdə yeni layihələr və anlaşmalar da gündəmə gəlsin”.

Rəfiqə Namazəliyeva,

AzNews.az