“Ermənistanın yeni AES planı region üçün təhlükədir” - Kənan Novruzov

“Ermənistan bu məsələyə çoxdan diqqət yetirir. Ermənistan uzun müddətdir ki, bu baxımdan mövqe tutur və ilk dəfə gündəmə gətirən də onlar olmayıb. Bəs bu, region üçün təhlükədir? Bəli, təhlükədir. Burada həm ekoloji, həm də digər ciddi aspektlər mövcuddur. Eyni zamanda, məsələyə dair müzakirələr aparılan dövlətlərin mövqeləri də bir-birindən fərqlidir və onların maraqları tam üst-üstə düşmür”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, Ermənistanın yeni Atom Elektrik Stansiyası (AES) inşa etmək təşəbbüsü regional təhlükəsizlik baxımından ciddi suallar doğurur. Məlumata görə, rəsmi İrəvan bu layihə ilə bağlı beş ölkə ilə danışıqlar aparır. Həmin ölkələrin kimliyi açıqlanmasa da, ekspertlər siyahıya enerji və təhlükəsizlik maraqları olan Rusiya, Fransa, ABŞ, Çin və İranın daxil ola biləcəyini istisna etmirlər.

Siyasi şərhçi qeyd edib ki, burada həm də prinsipial bir məsələ mövcuddur.

“Düşünmürəm ki, məsələn, ABŞ burada Rusiya və İranla razılığa gəlsin, yaxud əksinə, Rusiya və İran ABŞ ilə razılaşsın. Toqquşan maraqlar, adı çəkilən dövlətlərin ayrı-ayrı məsələlərlə bağlı fərqli mövqeləri bu məsələdə də özünü açıq şəkildə göstərəcək. Əgər Ermənistan yaxın vaxtlarda bu məsələlərdən çəkilməsə, gündəmdə saxlayarsa və məsələni böyütsə, bu, regional kataklizmə çevrilə bilər. Hesab etmirəm ki, bu problem belə sadəcə üstündən keçilə biləcək məsələdir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az