- Üçüncü sektor
- 9 Aprel 2019 15:59
- 10 329
Fərdanın sənətdən getməsinə münasibət: Amin olubsa, müvəqqəti olar - Sorğu
Fərda sənətə gələndə mənimlə məsləhət etməyib ki, sənətdən gedəndə də mənimlə məsləhət etsin
Bir neçə gün öncə şoumen, aktyor Fərda Aminin 23 illik sənət fəaliyyətinə son qoymaq qərarı hər kəsi şoka salıb. Aktyorun bu qərarını zarafat kimi qəbul edənlər də, inananlar da var.
Mövzu ilə bağlı Fərda Amin ilə əlaqə saxlamağa çalışsaq da o, zənglərimizə cavab vermədi.
Bunu nəzərə alaraq AzNews.az-ın əməkdaşı Fərda Aminin sənət dostları ilə söhbət edib və “Fərda Aminin qərarını necə qarşıladınız? Şəxsi həyatında yaşadığı problemlər onun sənətdən uzaqlaşmasına səbəb ola bilərmi?” suallarına cavab tapmağa çalışıb.
Aktyor Elməddin Cəfərov: “Əslində bu haqda danışmaq istəmirəm. Qərardan sonra Fərdaya zəng etdim, bir-iki dəfə danışdıq. Onun sənətdən getməsinin kökündə nə dayandığını bilmirəm. İndi Fərda ilə görüşməyə gedəcəm.
Problemlərə gəlincə, insanın kimliyindən asılı olmayaraq hər hansı bir problem yaşaya bilər. İnşallah düzələcək, biz hər zaman onun yanındayıq”.
Aktyor Elcan Rəsulov: “Bu qərarından sonra Fərdaya zəng etməmişəm. Zəng edim nə deyim ki? Bu qərarı onun şəxsi işidir. Fərda sənətə gələndə mənimlə məsləhət etməyib ki, sənətdən gedəndə də mənimlə məsləhət etsin. Yaşım ona məsləhət etməyə imkan verməz. Nə də sorğu-sual etməyə ki, niyə belə edir? Düşünmürəm ki, problemlərinə görə sənətdən getsin. Onların bu işə nə dəxli var? Əslində, adam problemdən çıxmaq üçün işinə daha çox vaxt ayırır. Yenidən sənətə davam etməsinə gəlincə bir söz deyə bilmərəm. Belə vəziyyətdə hər şey ola bilər. Fərda Xudaverdiyev, Fərda Amin olubsa... Bu da müvəqqəti ola bilər”.
Aparıcı-aktyor İlkin Həsənli: “Bu, Fərdaya dəstək olunası bir mövzu deyil. Qardaşımızdır. Düzü, videonu izləyən zaman Fərdanın zarafat etdiyini düşündüm və ümid edirdim ki, zarafat olduğunu açıqlayacaq. Onun 50-60 yaşı yoxdur ki, kariyerasına son qoysun. Azərbaycanda pul gətirən filmlərin baş oyunçularından biridir. Düşünürəm ki, bu addımı müvəqqəti olacaq. Bu qərarın səbəbi haqda məlumatlı deyiləm. Bunu Fərda daha yaxşı bilər. Onun şəxsi problemləridir və qarışmağa hüququmuz yoxdur. O nəyi və necə etmək lazım olduğunu yaxşı bilər”.
Rejissor Ramin Hacıyev: “Videonu izləyən kimi Fərdaya yazdım. Fərda çox gözəl, təkrar olunmaz aktyordur. Çox işgüzardır. Düzdür, bir az tənbəldir. Amma çəkiliş meydançasına gələn kimi tənbəllik gedir. Ondan aktyor kimi nə istədiyini ala bilirsən. Azərbaycanda onun kimi aktyor azdı. Mən istəməzdim ki, sənətdən getsin. Özünə də yazdım ki, qardaş bu sənətdə səni əvəz edən aktyor olmayacaq”.
O, aktyorun sənətdən getmə səbəbini belə açıqlayıb: “Son zamanlar çəkilişlərdə çox olurdu. Çox güman ki, bundan bezib Çəkilişlərdə qrim, rejissorun işini götürmək ağır işdi. Amma düşünürəm ki, qayıdacaq. Fərda rahat rejissorla işləməyi çox sevir. Onun qabiliyyətini bilən rejissor onun üçün çox önəmlidir. Mən də hərdən çəkilişlərdən bezirəm və deyirəm ki, uzaqlaşacam. Amma görürəm ki, getməyin mənası yoxdur. Bu işdən başlamışıqsa, davam etməliyik”.
Qeyd edək ki, Fərda Amin bir neçə gün öncə İnstagramda video paylaşaraq karyerasını bitirdiyini deyib:
“23 ildir Azərbaycanda özünəməxsus komediyaya xidmət edən Fərda Amin olaraq karyeramı bitirmək istəyirəm. Həqiqətən yorulmuşam, səbəblər çoxdur. Məni bu yaşda belə populyar etdiyiniz üçün çox sağ olun. Məni sevənlər bu xəbərdən üzülməsinlər. Sevməyənlərə isə demək istəyirəm ki, məni niyə sevmədiniz? Hər şey üçün təşəkkürlər. Önünüzdə baş əyirəm".
Xatırladaq ki, Fərda Amin bir müddət əvvəl çəkildiyi filmlərin qonorarını ala bilmədiyini açıqlamışdı. Bununla belə şəxsi həyatında da probemlər yaşayan aktyor bir müddət əvvəl 9 illik həyat yoldaşından ayrılıb. İlk evliliyindən Amin və Mətin adlı oğlanları olan Fərdanın qeyri-rəsmi nigahından da Raul adlı oğlu var.
Rəqsanə
AzNews.az