Su təsərrüfatı obyektlərində mülkiyyət münasibətləri - HÜQUQİ RƏY

Azərbaycan Respublikası Su Məcəlləsinə əsasən ( 12-15 maddələr) Azərbaycan Respublikasında su obyektləri və su təsərrüfatı obyektləri üzərində mülkiyyət münasibətləri üç əsas forma üzrə tənzimlənir: dövlət, bələdiyyə və xüsusi mülkiyyət. Hər bir mülkiyyət forması su obyektlərinin qorunması, istifadəsi və idarə olunması sahəsində hüquqi səlahiyyətləri müəyyən edir.

1. Dövlət mülkiyyəti:

Dövlət mülkiyyətində saxlanılan su obyektlərinə aşağıdakılar daxildir:

  • Xəzər dənizinin Azərbaycan hissəsi;

  • Dövlət sərhədini kəsən və ya sərhəd boyunca yerləşən su obyektləri;

  • Dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri;

  • Xüsusi qorunan su obyektləri.

Dövlət mülkiyyətində olan su obyektləri qanunvericilikdə göstərilən qaydada istifadəyə verilə, icarəyə götürülə və ya bələdiyyə mülkiyyətinə keçə bilər. Bu obyektlərin idarə olunması və qorunması müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Dövlət həmçinin su obyektlərinin ekoloji vəziyyətinin monitorinqi və davamlı istifadəsini təmin edir.

2. Bələdiyyə mülkiyyəti:

Bələdiyyələrə aid torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su obyektləri bələdiyyə mülkiyyətinə verilə bilər. Bu obyektlər bələdiyyənin səlahiyyətləri daxilində:

  • Ümumi istifadəyə;

  • Fiziki və hüquqi şəxslərin istifadəsinə;

  • İcarəyə və şəxsi mülkiyyətə verilmək imkanına malikdir.

Bələdiyyə mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi onların qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri əsasında həyata keçirilir.

3. Xüsusi mülkiyyət:

Kiçik sututarlar və digər su obyektləri, hidravliki əlaqəsi olmayan və digər su obyektlərinə axarı olmayan torpaq sahələrində yerləşdikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi mülkiyyətə verilə bilər. Xüsusi mülkiyyət yalnız Azərbaycan vətəndaşlarına verilə bilər; xarici şəxslər və hüquqi şəxslər xüsusi mülkiyyət sahibi ola bilməzlər.

4. Su təsərrüfatı obyektləri:

Su təsərrüfatı obyektləri də dövlət, bələdiyyə və xüsusi mülkiyyət formasına aid edilə bilər. Dövlət mülkiyyətində saxlanılan, bələdiyyə və xüsusi mülkiyyətə verilən su təsərrüfatı obyektləri müvafiq qanunvericiliklə müəyyən edilərək istifadəyə yönəldilir. Bu obyektlərin idarə olunması, saxlanılması və mühafizəsi mülkiyyət formasından asılı olaraq dövlət orqanları və ya bələdiyyələr tərəfindən həyata keçirilir.

Məqalə “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Laçın rayonunda su təhlükəsizliyi” adlı sosial-ekoloji layihə çərivəsində hazırlanıb. Fikir və mülahizələr müəllifə aiddir, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.