Azərbaycanın rolu yüksək qiymətləndirilir. Azərbaycanın rolu yüksək qiymətləndirilir.
  • Tribuna
  • 30 Yanvar 2019 16:38
  •  2 624

“Con Boltonla Prezident İlham Əliyev arasında müzakirələr...” - Politoloq

Azərbaycanın rolu yüksək qiymətləndirilir.

Dünyada gərgin siyasi vəziyyət fonunda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi və bir sıra mühüm məsələlərin müzakirəsi ona işarə edir ki, Azərbaycanın dünyada rolu və yeri kifayət qədər yüksəkdir, Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, hətta dünya miqyasında aparıcı bir oyunçuya çevrilib.

Bunu politoloq Fikrət Sadıqov deyib.

F.Sadıqov bildirib ki, Azərbaycan dünyada enerji təhlükəsizliyində rolunu artırır və telefon danışığı zamanı aparılan müzakirələr ABŞ-ın Azərbaycanın enerji təhlükəsizliyi sahəsində gördüyü işləri yüksək qiymətləndirdiyini göstərir:

“Çünki Azərbaycanın həyata keçirdiyi irimiqyaslı beynəlxalq enerji və nəqliyyat layihələri öz-özlüyündə bir göstəricidir. Birləşmiş Ştatların Azərbaycanla münasibətlərə mühüm önəm verməsi hətta ABŞ Prezidentinin dövlətimizin başçısına ünvanladığı bir sıra məktublardan aydın olur. Belə ki, Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və digər məsələlərlə bağlı təbrikində Azərbaycanın rolu yüksək qiymətləndirilir”.

Politoloq hesab edir ki, C.Bolton təhlükəsizlik məsələləri ilə məşğul olan bir şəxs kimi Azərbaycan Prezidenti İlham Əliyev ilə bu sahədə bir sıra mühüm məsələləri müzakirə edib:

“Düşünürəm ki, Con Boltonun cənab Prezident İlham Əliyevə zəngi, həmçinin onu göstərir ki, ABŞ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində müşahidə olunan müsbət dinamikanı yüksək qiymətləndirir, problemin aradan qaldırılması ilə bağlı səylərini davam etdirəcəyi barədə açıq mesaj verir. Eyni zamanda, əminəm ki, dövlətimizin başçısı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini ABŞ-a çatdırıb. Hesab edirəm ki, yüksək rütbəli ABŞ siyasətçisi ilə bu istiqamətdə danışıqların böyük əhəmiyyəti var”.

F.Sadıqov əlavə edib ki, ümumilikdə telefon danışığı zamanı C.Bolton və Prezident İlham Əliyev arasında müzakirələr mühüm əhəmiyyət kəsb edir, ABŞ-ın Azərbaycanın gördüyü işlərə, həyata keçirdiyi beynəlxalq enerji, nəqliyyat və digər layihələrə dəstəyini ifadə edir və Azərbaycan-ABŞ münasibətlərinin daha da yaxınlaşmasına töhfə verəcək.(trend.az)

© AzNews.az