23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd Taleh Şahsuvarlı: "Özünü buraxmış bir parlamentin 80 yaşlı üzvünün beş ildən bir tar çalması üçün Milli Məclisdə oturması hakimiyyətə, xalqa nə vəd edir?" 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd Taleh Şahsuvarlı: "Özünü buraxmış bir parlamentin 80 yaşlı üzvünün beş ildən bir tar çalması üçün Milli Məclisdə oturması hakimiyyətə, xalqa nə vəd edir?"
  • Tribuna
  • 16 Yanvar 2020 15:32
  •  21 913

"Mayası haramla, rüşvətlə yoğrulmuş məmurların, deputatların..." - Namizəddən şok açıqlama

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd Taleh Şahsuvarlı: "Özünü buraxmış bir parlamentin 80 yaşlı üzvünün beş ildən bir tar çalması üçün Milli Məclisdə oturması hakimiyyətə, xalqa nə vəd edir?"

"Əziz dostlar, 23 saylı Nəsimi-Səbail Seçki dairəsindən Milli Məclis üzvlüyünə namizədliyim dünən rəsmən təsdiqlənmişdi, bu gün vəsiqəmi götürdüm. Əminəm ki, islahatlar dalğasında keçirilən və ölkənin sosial təkamül yolu ilə irəliləməsi üçün son dərəcə ciddi önəm daşıyan 9 fevral seçkilərinə Əfruz xalaların kölgə salmasına imkan verilməyəcək".

Bu sözləri 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizəd, siyasi analitik Taleh Şahsuvarlı öz Facebook profilində yazıb. Taleh Şahsuvarlı statusunda daha sonra vurğulayıb:

"Artıq mətbuatdan məlumatlısınız ki, dünən Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin rəhbərliyi ilə çox ciddi bir toplantı keçirilib və açıq ifadə edilib ki, heç bir deputatlığa namizəd hakimiyyətin administrativ resurslarına güvənərək qutudan çıxmağa ümid eləməsin. Bəli, bu çox vacib, həm də prezident İlham Əliyevin yeni parlamentdən gözləntilərinə uyğun mesajdır. Axı, islahatların önünü kəsdiyi, yeni dövrün tələblərinə əsla cavab vermədiyi ən yüksək səviyyələrdə dilə gətirilmiş və özünü buraxmış bir parlamentin 80 yaşlı üzvünün beş ildən bir tar çalması üçün Milli Məclisdə oturması hakimiyyətə, xalqa nə vəd edir? Niyə hakimiyyət Prezident İlham Əliyevin elan etdiyi kriteriyalara - müasir, savadlı, analitik təfəkkürlü, vətənpərvər - uyğun yeni nəsil nümayəndələrinin önünü kəsib cəmiyyətin, siyasətin təbii dinamikasına qarşı çıxmalıdır?

Bax, bütün bu suallar üzərində düşündükcə, şəxsən məndə inam yaradır ki, bu seçkinin qalibi məhz biz olacağıq!

Odur ki, iki gün sonra başlayacaq təşviqat kampaniyamızla bağlı bəzi düşüncələrimi sizinlə bölüşmək istəyir, bu qənaətlərimi bölüşən hər kəsi Seçki Qərargahımızla yaxından əməkdaşlıq etməyə dəvət edirəm.

Mənim seçki təşviqatım 4 sehirli "S" hərfi üzərində qurulacaq:

1. SAĞLAM AZƏRBAYCAN!

2. SAVADLI AZƏRBAYCAN!

3. SAHİBKAR AZƏRBAYCAN!

4. SEVGİ DOLU AZƏRBAYCAN!

Qarşıdakı müddətdə bu 4 əsas istiqamət üzrə problemləri sadalayacaq, uğurları qiymətləndirəcək, təkliflərimizi səsləndirəcəyik. Ancaq nə qədər problem sadalasaq, hamısının kökündə RÜŞVƏT VƏ KORRUPSİYA amilinin dayandığını görəcəyik.

Məhz rüşvətxor səhiyyə sistemi, məhz rüşvətxor təhsil sistemi, məhz rüşvətxor idarəçilik sistemi Azərbaycan insanının ömründən kəsir, cavan yaşda vətəndaşlarımızı ən müxtəlif xəstəliklərə düçar edir, gənclərimiz elmin müasir nailiyyətlərindən bixəbər universitetlərdə təhsil alır, adamsız, rüşvətsiz, öz bilik və bacarıqlarına güvənərək, ləyaqətinə əsasən "sosial lift"lə karyera yüksəlişinə nail olmurlar. Əyninizə, mətbəxinizə, evinizə baxın, Azərbaycanda istehsal olunan nə var? Azərbaycan cəmiyyətinin istehlak toplumundan istehsal toplumuna keçidinə mane olan, kiçik və orta sahibkarların qanını zəli kimi soran rüşvətxorlar deyilmi? Tarixən dinc, barışcıl, xeyirxah və qonaqpərvər olan, evindəki ən ləziz tikəsini bölüb qonşusuna göndərən Azərbaycan insanını bu qədər aqressivləşdirən, qətllərə, amansızlıqlara sürükləyən rüşvətxor məhkəmə sistemi deyilmi?

Əziz dostlar, mən bu günə qədər rüşvətə nifrət edərək yaşamışam, doğru, dürüst, halal yaşamışam, bundan sonra da belə yaşayacam. Ancaq əmin olun: deputat seçilərəmsə, bütün gücümü, intellektimi, bacarığımı, səlahiyyətlərimi Azərbaycanda rüşvətin kökünün kəsilməsinə, idarəçilik mexanizmlərinin şəffaflaşmasına və mobilləşməsinə həsr edəcəyəm. Çünki bu rüşvət və korrupsiya mexanizmləri Azərbaycan cəmiyyətinin və dövlətinin xərçəng xəstəliyidir, müstəqilliyimizi içəridən gəmirir!

Azərbaycan prezidenti İlham Əliyevin elan etdiyi islahatların başlıca məqsədlərindən biri də elə məhz budur: RÜŞVƏTSİZ AZƏRBAYCAN!

Prezidentin bu istiqamətdə verdiyi mesajlar mayası haramla, rüşvətlə yoğrulmuş harın məmurların, deputatların əcəl zənginin düyməsinin basılması deməkdir, o zəngi eşitmirsiz məgər?

Mən öz övladlarıma, öz doğma övladlarım qədər sevdiyim pırıl-pırıl, istedadlı və məsum cocuqlara rüşvətin tüğyan etdiyi, ləyaqətin əzildiyi, savadın, təşəbbüskarlığın, vətənpərvərliyin ələ salındığı bir Azərbaycan qoyub getmək istəmirəm!

Bunun üçün isə, parlament yenilənməli, dövlətimiz güclənməlidir. Çünki İSLAHATLAR MƏRKƏZDƏN BAŞLAYIR!!!

Məhz bu islahatlara töhfə vermək üçün hər biriniz əmin olun, mən görməyən, eşitməyən, dillənməyən deputatlardan olmayacam!!!"

AzNews.az