Seçicilərin etimadını qazanan millətin layiqli vəkili

Adil Əliyev millət vəkili kimi təkcə təmsil etdiyi seçki dairəsində yaşayan seçicilərinin deyil, həm də onun hüdudlarından kənarda yaşayan vətəndaşlarımızın vəkili olmağı bacarıb

Millət vəkili olmaq çox ağır və böyük məsuliyyətdir. Millət vəkili olmaq üçün hansısa dairədən deputat seçilmək azdır, həm də gərək millətin içində olasan, onun dərdini-sərinə şərik çıxasan. Millət vəkilinin günü-güzəranı seçicilərinin, xalqın ona ehtiyacı olan nümayəndələrinin, səngərdə dayanan əsgərlərinin arasında keçməlidir. O, ictimai əhəmiyyət kəsb edən hər bir hadisə ilə bağlı dərhal reaksiya bildirməli, çətin anlarda xalqın yanında olmalıdır. Bir müddət əvvəl işğalçı Ermənistan ordusunun törətdiyi növbəti təxribatla bağlı, xatırlayırsınızsa, başda Milli Məclisin sədri Sahibə Qafarova olmaqla bir çox millət vəkilləri baş verənlərlə bağlı dünya ictimaiyyətinə səsləndilər, hücuma məruz qalmış kənd sakinlərinə, şəhid olmuş hərbçilərimizin ailələrinə dəstək oldular. “İşğalçı Ermənistan ordusunun məkrli niyyəti baş tutmadı. Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatının qarşısını qətiyyətlə aldı və bir daha sübut etdi ki, ölkəmizin suverenliyi, ərazi bütövlüyü, sərhədləri toxunulmazdır və müzakirə mövzusu deyil", - deyə Sahibə Qafarova “Facebook” hesabında paylaşım edərək əsgəri öz şücaəti ilə düşmənin istənilən həmləsinin qarşısını almağa qadir Azərbaycan əsgərinə güvəndiyini dilə gətirdi. Xalqın bu çətin günündə hücuma məruz qalan kənd sakinlərinə dəstək olmaq üçün hadisə yerinə yollanan millət vəkillərimiz də oldu. Onlardan biri Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri, millət vəkili Adil Əliyev idi.

Adil Əliyev millət vəkili kimi təkcə təmsil etdiyi seçki dairəsində yaşayan seçicilərinin deyil, həm də onun hüdudlarından kənarda yaşayan vətəndaşlarımızın vəkili olmağı bacarıb. Etiraf edək ki, insanların dərdinə, probleminə şərik olan belə millət vəkillərimiz azdır. Bir müddət əvvəl düşmən atəşinə məruz qalan Tovuzun sakinlərini tək qoymayan millət vəkili Adil Əliyevin dərhal həmin əraziyə yollanmağı onun sözün əsl mənasında millətinin vəkili olduğunu sübut edir. Şükürlər olsun ki, çox qısa bir zaman kəsiyində Milli Ordumuz tərəfindən düşmənin hücumunun qarşısı alındı və düşmən xeyli sayda itki verərək geri çəkildi. Ayın 12-də başlayan təxribat zamanı düşmən alınan cavabdan nəticə çıxarmayaraq yenidən artilleriya silahlarından istifadə etsə də, ordumuz tərəfindən bu cəhdin də qarşısı çox böyük qətiyyətlə alındı, düşmənin müxtəlif təyinatlı hərbi texnikası, döyüş vasitələri, komanda məntəqəsi, canlı qüvvəsi məhv edildi. Belə çətin bir vaxtda xalqının yanında olan, Tovuzun Ağdam kəndinin camaatı ilə görüşən Adil Əliyev kəndin bütün sakinlərini qəhrəman və qorxmaz adlandırmış, əzmkarlıq nümayiş etdirdiklərinə görə onların hər birinə minnətdarlığını bildirmişdir.
Adil Əliyev təkcə düşmənin sonuncu təxribatı zamanı deyil, millət vəkili olaraq bütün fəaliyyəti dövründə Qarabağ mövzusunu, düşmənin işğalçı siyasətini hər zaman diqqətdə saxlamışdır. O, Cənubi Qafqazın bəlası adlandırdığı Ermənistanın işğalçı siyasətini bütün dünyaya çatdırmaq üçün illərdir ki, fədakarcasına mübarizə aparır. Milli Məclis Sədrinin müavini Adil Əliyev keçirdiyi bütün beynəlxalq görüşlərdə hər zaman güclü dövlətimizin olduğunu, Ordumuzun bütün növ müasir silahlarla təmin edildiyini, tam şəkildə komplektləşdirildiyini, hazırda nəinki Cənubi Qafqazın, eyni zamanda, dünyanın ən güclü ordularından biri olduğunu qeyd edir.
Amerika Birləşmiş Ştatları Konqresi rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıması xəbərinə münasibət bildirərkən millət vəkili bunun məhz ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasətin bəhrəsi və diplomatiyamızın uğuru adlandırmışdır: “Qeyd edək ki, qəbul edilmiş 296 saylı qanunda müəyyən vəzifələr nəzərdə tutulub ki, bunun da ən əsası Ermənistan tərəfindən qeyri-qanuni işğal zamanı öldürülmüş şəxslər barədə hesabatların hazırlanmasıdır. Artıq Ermənistan tərəfinin törətdiyi qırğınlar və apardıqları təcavüzkar siyasətin nəticəsi barədə hər il Amerika Birləşmiş Ştatları Konqresində hesabatlar dərc ediləcək və dünyanın diqqətinə çatdırılacaq. Həmçinin həmin hesabatlarda Ermənistanın təcavüzü nəticəsində ölkəmizdə məcburi olaraq ata-baba yurdlarını tərk etməyə məcbur olmuş məcburi köçkünlər barədə məlumatların alınması nəzərdə tutulub. Eyni zamanda, ABŞ Konqresinin bu qanunu qəbul etməsi bizim üçün həm də ona görə zəruridir ki, Birləşmiş Millətlər Təşkilatının Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz etməsi barədə qəbul etdiyi dörd qətnamə bu günə qədər Ermənistan tərəfindən icra olunmayıb, hansı ki, həmin qətnamələr qeyd-şərtsiz icra edilməli və Ermənistan işğal etdiyi əraziləri boşaltmalı idi. Bu gün ABŞ-ın dünyanın lider dövlətindən biri olmasını, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmasını nəzərə alsaq, yaxın gələcəkdə bu qətnamələrin hansı səbəbdən icra edilməməsi və işğalçılıq siyasətinin nəticələrini gözdən keçirməyə imkan verəcək”.
Milli Məclis sədrinin müavini Adil Əliyev Ermənistanın Azərbaycanın Tovuz bölgəsində törətdiyi təxribat barədə dünyanın nüfuzlu media qurumlarında da kifayət qədər məqalələr dərc etdirib. Misirin “Asyaelyom” informasiya agentliyi, “Əlvəsilə”, “Əlvəsiqə”, “Şəbalnil” internet qəzetləri Milli Məclis Sədrinin müavini Adil Əliyevin Ermənistanın təcavüzkar siyasətini ifşa edən məqaləsində bütün dünyada, o cümlədən Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizənin davam etdiyi mürəkkəb bir şəraitdə - iyulun 12-də Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribata əl atdığı qeyd edilir. Erməni tərəfinin yenə də yaşayış məntəqələrini ağır artilleriya silahlarından atəşə tutduğu bildirilir. A.Əliyevin məqaləsində diqqətə çatdırılıb ki, Ermənistan ordusu təkcə azərbaycanlı hərbçiləri və hərbi obyektləri deyil, həm də dinc əhalini hədəf alıb. Belə ki, son hərbi təxribat zamanı Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizov həlak olub. O əlavə edib ki, 2017-ci ildə Ermənistanın yaşayış məntəqələrinə hücumu zamanı ikiyaşlı körpə Zəhra Quliyeva və onun yaşlı nənəsi də qətlə yetirilib. Ermənistan bu əməlləri ilə insan hüquqları və əsas azadlıqlar Konvensiyasının 2-ci maddəsində təsbit olunmuş insanların yaşamaq hüququnu kobud şəkildə pozub.
Məqalədə vurğulanıb ki, Ermənistan bu hücumları ilə Azərbaycanın sərhədyanı kəndlərində əhali arasında qorxu yaratmaq və onları köçə məcbur etmək istəyir. Artıq Azərbaycanın işğal edilmiş rayonlarında bir milyondan artıq dinc sakin öz doğma yurdlarından didərgin salınıb. Ermənistanın dinc əhaliyə qarşı hücumları beynəlxalq hüquq normalarına, xüsusən 1949-cu il Cenevrə Konvensiyasına və ona əlavə edilmiş birinci protokola ziddir.
Müəllif qeyd edib ki, hazırda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə sülh danışıqları aparılır, lakin Ermənistan BMT TŞ-nin işğal olunmuş Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi, qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasına dair dörd qətnaməsinə, digər beynəlxalq təşkilatların bu barədə qəbul etdikləri sənədlərə məhəl qoymur.
Məqalənin sonunda bildirilir ki, bütün bunlara baxmayaraq, qüdrətli orduya malik olan Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllinə üstünlük verir. Lakin Ermənistan rəhbərliyi Azərbaycanın sülhsevər mövqeyinə təcavüzkar siyasət və təxribatlarla cavab verir. “Nəhayət, biz beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatçı əməllərinə obyektiv qiymət verməyə, münaqişənin BMT TŞ-nin qətnamələrinə, beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinə çağırırıq”, - deyə məqalədə vurğulanır.
Bəli, müasir dövrdə münaqişəli məsələlərin gedişatında başlıca mübarizə üsulu informasiya müharibəsidir. Bu müharibə heç bir sərhəd tanımır, onun üçün keçilməz sədd yoxdur. Düşünülüb hazırlanmış bir informasiya həmləsi ilə qüdrətli bir ordunu zəiflətmək, böyük bir savaşı qazanmaq mümkündür. Çünki yalan da, həqiqət də eyni hərflərlə yazılır. Onları bir-birindən ayırmaq, hadisələrin dəqiq təhlilini vermək, vəziyyəti olduğu kimi qiymətləndirmək üçün vacib informasiyaya malik olmaq və onu aidiyyəti ünvanlara çatdırmaq lazımdır. İnformasiya savaşında Azərbaycana qarşı qara kampaniyaların, erməni təxribatlarının, yalan məlumatların qarşısının alınmasında və ifşa olunmasında xarici medianın gücündən də yararlanmaq vacib amildir. Çünki ermənilərə qarşı mübarizə bizlərin ümummilli vəzifəsinə çevrilməlidir. Hər birimiz bunu özümüzün vətəndaşlıq borcu kimi qəbul etməliyik.

İskəndər Quliyev,
"Şəffaf seçkilər" Monitorinq Mərkəzinin direktoru