Deputat: "Nə vaxtsa maskalar yirtılacaq" Deputat: "Nə vaxtsa maskalar yirtılacaq"
  • Tribuna
  • 28 Fevral 2021 11:05
  •  19 113

Etibar Əliyev hərbiçilərə müraciət etdi: "Bu dezinformasiyanı yayanlar..."

Deputat: "Nə vaxtsa maskalar yirtılacaq"

Azərbaycan Milli Məclisinin deputatı Etibar Əliyev hərbiçilərə müraciət edib. Onun müraciətinin olduğu kimi təqdim edirik:

Əziz qardaşlar!

Son günlər ölkədə hərbçilərlə deputatlar arasında nifaq yaradılması məqsədilə Azərbaycanın inkişafının əleyhinə olan insanalar (ünsürlər) planlı və düşünülmüş işlər aparırlar. Sizi əmin edirəm ki, hələ indiyə qədər nə Milli Məclisin rəhbərliyi, nə də deputatlardan kimsə Sizin maaşlarınızın azaldılması haqqında bir cümlə belə işlətməyib. Əksinə, Hərbçilərin yaşayış səviyyəsinin yüksəldilməsi, onlara qayğının artırılması isriqamətində bütün deputatlar hökumət qarşısında məsələ qaldırıblar. Mənim bütün yazılarıma və çıxışlarıma diqqət etsəniz hərbçilərimizin maaşlarının azaldılması barədə bir cümləyə belə rast gələ bilməzsiniz. Biz 44 günlük Vətən müharibəsində əsgərin, şəhidlərimizin və yaralıların yanında olduq. 5-ci kalonun nümayəndələri və yelbeyin qaraguruhçular Vətən müharibəsindən əvvəl Dövləti bir qarış torpaq azad edə bilməməkdə suçlayırdılar. İndi Torpaqlarımız işğaldan azad olunub. Leksikon dəyişib. Bunların beyinlərini manipulyasiya edənlər hərbçiləri gündəmə gətiriblər. Sizlərdən sui- istifadə etməyə çalışırlar.

Ancaq bu baş tutmayacaq. Azərbaycan Dövlətinin hərbçilərə münasibəti nümunəvi münasibətdir. Ölkə başçısı son çıxışlarının birində 11 min hərbçinin 2021-2025-ci illərdə mənzil və fərdi evlə təmin olunması məsələsi barədə danışdı. Bu cür qayğılar hamı kimi bizi də sevindirir. Yeri gəlmişkən, Birinci vitse- prezidentin köməkçisi Elçin Əmirbəyov bu məsələyə mühüm aydınlıq gətirdi: "Hərbçilərin maaşları ilə bağlı məsələ birbaşa dövlət rəhbərliyinin nəzarəti altındadır”. O, bildirib ki, Azərbaycan dövləti öz əsgərinin qayğısına qala biləcək bir dövlətdir.

Təkrar edirəm, ölkədə və xaricdə qarşıdurma yaratmağa meylli olan ünsürlər məqsədlərinə çata bilməyəcəklər. Təəssüflər olsun ki, Pressklub.tv adlanan televiziya da bu gün azadlıq qəzetinin apardığı antimilli təbliğata qoşulub. İlk baxışdan adama elə gəlirdi ki, presskluba intellektuallar toplaşıb. Ancaq bunlar da azadlığın qaraguruhçularından o tərəfə keçməyiblər. İstəyirsən professor ol, istəyirsən xalq yazıçısının oğlu ol. Təfəkkür həmən təfəkkürdür. Darıxmayın! Nə vaxtsa maskalar yirtılacaq.

Əziz hərbçilər! Sizdən məslələrə soyuq başla və anlayışla yanaşmağı rica edirəm. Yenə də təkrar edirəm. Nə Milli Məclisin rəhbərliyi, nə də deputatların heç biri Sizin maaşlarınızın azaldılması məsələsinə toxunmayıb. Nə belə səs yazısı var, nə belə müsahibə var, nə də belə müəllif yazısı var. Bu dezinformasiyanı yayanlar Ölkədə hərbçilərin heysiyyatına toxunmaq istəyən ünsürlərdir. Allah köməyiniz olsun!

Etibar ƏLİYEV,

MİLLİ MƏCLİSİN DEPUTATI