Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi köklü islahatların məqsədinin zirvəsində məhz şəxsiyyət və onun ayrılmaz hüquq və azadlıqları dayanır Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi köklü islahatların məqsədinin zirvəsində məhz şəxsiyyət və onun ayrılmaz hüquq və azadlıqları dayanır
  • Tribuna
  • 10 May 2021 15:41
  •  15 932

"İnsan hüquqlarının qorunması dövlətimizin ali məqsədidir"

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi köklü islahatların məqsədinin zirvəsində məhz şəxsiyyət və onun ayrılmaz hüquq və azadlıqları dayanır

İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatı məsələsini özünün ən mühüm vəzifələrindən biri hesab etmək, insanpərvərlik və humanizm məfkurəsindən çıxış etmək, xalqın mənəvi bütövlüyünə nail olmaq yalnız güclü siyasi iradəyə malik olan böyük liderlərə məxsus keyfiyyətlərdir. Cəmiyyətdə milli birlik və həmrəyliyin əsasını təşkil edən bu prinsipləri dövlət siyasətinin tərkib hissəsinə çevirən xalqımızın ümummilli lideri Heydər Əliyev bütün varlığı ilə haqqın və ədalətin carçısı, düzgünlüyün tərəfdarı olmuşdur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra kifayət qədər mürəkkəb bir dövrdə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev dövlətçilik, qanunçuluq, demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması kimi ali strateji məqsədlərə nail olmaq üçün mütərəqqi addımlar atmışdır.

Təsadüfi deyil ki, dahi öndərin müəllifi olduğu müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında insan hüquqlarının təmin olunması dövlətimizin ali məqsədi elan edilmiş, Konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarına həsr edilmişdir.

Qeyd olunmalıdır ki, insan hüquq və azadlıqlarının təminatı məsələsi ölkəmizin müəyyən inkişaf prosesində və ya hansısa öhdəliklərdən irəli gələn vəzifələrin icrası ilə əlaqədar meydana gəlməmişdir. Bu, demokratik hüquqi dövlət quruculuğu yolu tutan müstəqil dövlətimizin təməl prinsipini təşkil edir. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi köklü islahatların məqsədinin zirvəsində məhz şəxsiyyət və onun ayrılmaz hüquq və azadlıqları dayanır.

Ümummilli liderin 1998-ci ildə imzaladığı ilk fundamental sənəd olan “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və bu sahədə Dövlət Proqramı həmin dövrün tələblərinə uyğun tədbirlərin həyata keçirilməsinə hesablanaraq mühüm qanunvericilik və institusional islahatlara təkan vermiş, mütərəqqi məhkəmə-hüquq islahatları aparılaraq, yeni üçpilləli məhkəmə sistemi bərqərar olmuş, ölkəmizdə ilk dəfə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradılmışdır.

Bu sahədə effektiv müdafiə mexanizmlərinin davamı olaraq, 2006-ci il və 2011-ci illərdə milli fəaliyyət proqramlarının qəbul olunması insan hüquqlarının təminatına dövlət səviyyəsində göstərilən ciddi münasibətin təzahürü olmaqla bu sahədə tədbirlərin davamlılığına xidmət etmişdir.

“Hər bir insanın taleyi xalqın taleyinə çevrilməlidir” deyən ümummilli lider Heydər Əliyev necə böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü, həm də insanpərvər və humanist olmağı ilə təsdiq etmişdir.

Ulu Öndər, ölkə rəhbərliyinə qayıdışından dərhal sonra hər bir insanın təbii və ayrılmaz hüququ olan yaşamaq hüququnun təmin olunması məqsədilə insanın həyatdan məhrum edilməsinin yolverilməz olduğunu bəyan edərək ölüm cəzasının icrasına moratorium qoymuşdur. Ümummilli lider Heydər Əliyevin bu müdrik addımı nəinki ölkəmizdə, dünyada da müsbət əks-səda doğurmuşdur. Ölüm hökmünün yolverilməzliyi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 saylı Protokolunda da birmənalı şəkildə öz əksini tapmışdır.

İnsan hüquqlarının təminatına xidmət edən daha bir mühüm hadisə isə 1998-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölüm hökmünün Şərqdə ilk dəfə Azərbaycanda tamamilə ləğvi olmuşdur.

Eyni zamanda, Ulu Öndər 1995-ci ildə çoxdan unudulmuş əfv və amnistiya təsisatlarını bərpa etmiş və humanizm prinsiplərinə əsaslanaraq 1996-2003-cü illərdə 32 əfv fərmanı, 7 amnistiya aktı imzalanmış və on minlərlə vətəndaşımız azadlığa qovuşmuşdur.

Beləliklə, ölüm cəzasının ləğvi, amnistiya və əfv institutlarının bərpası və çoxsaylı humanist aktların qəbulu ciddi tərbiyəvi məzmun kəsb edərək, cəmiyyətdə pak mənəvi dəyərlər, humanizm hissi, insan hüquqlarına hörmət aşılamış, ölkədə cinayətkarlığın dinamikasının azalmasını təmin etmişdir.

Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu humanizm siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilərək cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini yaşatmış və inkişaf etdirmişdir. Törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərini nəzərə alan dövlət başçısı bayram və əlamətdar günlərdə imzaladığı 35 sərəncamı ilə 5672 nəfəri əfv etməklə onların bir qismini cəzalarının çəkilməmiş hissəsindən tam və ya qismən azad etmiş, minlərlə insana sevinc bəxş etmişdir.

Ümummilli Liderin xatirəsini əbədiləşdirmək üçün yaradılmış Heydər Əliyev Fondu təsis edildiyi gündən Ulu Öndərin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq, müəyyən etdiyi ölkəmizin hərtərəfli inkişafına dəstək vermək, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə dahi öndərin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələr reallaşdırmaq missiyasını şərəflə yerinə yetirir.

Heydər Əliyev Fondunun başlıca məramlarından biri də insanların qayğılarına daim həssaslıqla yanaşmaq, xeyirxahlıq, mərhəmət və insanpərvərlik məfkurəsindən çıxış edərək humanizm ideyalarını həyata keçirməkdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva amnistiya təşəbbüsü ilə çıxış edərək insanları səmimi birlik və həmrəyliyə, xeyirxahlığa çağırır.

Qəbul olunan hər bir amnistiya aktını humanizm prinsiplərinin, ideyalarının qələbəsi kimi dəyərləndirən Fondun prezidenti Mehriban xanım Əliyeva demişdir: “Əsası dahi Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət nəticəsində minlərlə insan azadlığa buraxılaraq normal həyata qayıdıb və bu gün də bu ənənələr davam edir. Allah vergisi olan insan ömrü hər bir şeydən uca və dəyərlidir. Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir. Eyni zamanda, hər bir insan öz ömrünün, öz taleyinin hökmdarıdır. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətimizə qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik. Hər zaman mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilib”.

Təsadüfi deyil ki, humanizm və xeyirxahlıq missiyası ilə xalqımızın dərin rəğbətini qazanmış Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş amnistiya qərarları 40 minə yaxın insana şamil edilmişdir ki, bu da cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunmasına xidmət etmişdir.

İnsan hüquqlarının təminatında mühüm əhəmiyyət kəsb edən cəza siyasətinin humanistləşdirilməsi tədbirlərinin, həmçinin vaxtından əvvəl şərti azadetmə institutunun tətbiqinin son illər davamlı xarakter alması xüsusi qeyd olunmalıdır.

Dövlət başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən cinayət qanunvericiliyinə 500-ə yaxın dəyişiklik edilərək onlarla cinayət əməlinin dekriminallaşdırılması, yeni alternativ cəza növlərinin təsbit olunması insanların azadlıq hüququnun qorunmasına xidmət etmişdir. Bu baxımdan vətəndaş cəmiyyətinin fəal iştirakı ilə vaxtından əvvəl şərti azadetmə institutunun səmərəli tətbiqi, o cümlədən xüsusi karantin rejimi şəraitində işlərə videokonfrans formatında baxılaraq məhkumların islah yoluna düşməsi məsələsinə qiymət verilməsi mühüm əhəmiyyət kəsb edir.

İnsan hüquqlarının müdafiəsinin mühüm mexanizmlərdən biri də ictimai nəzarətin, dövlət idarəçiliyində ictimaiyyətin fəal iştirakının təmin olunmasıdır. Ulu öndər Heydər Əliyev deyirdi ki, heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır. Bu mənada ölkəmizin uğurlu inkişafının təminatında ictimai nəzarətə hər zaman müstəsna əhəmiyyət dövlətimizin başçısı ictimaiyyəti hər zaman daha fəal olmağa çağırır.

Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən vətəndaş cəmiyyəti institutları və ictimaiyyətin digər nümayəndələri ilə qarşılıqlı fəaliyyətə daim böyük önəm verilir. Bu məqsədlə ədliyyə naziri Fikrət Məmmədovun təşəbbüsü ilə 2006-cı ildən, hələ “İctimai iştirakçılıq haqqında” Qanunun qəbul olunmasından xeyli əvvəl yaradılmış İctimai Komitənin səmərəli fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Artıq 15-ci ildir ki, fəaliyyət göstərən İctimai Komitə nazirliyin bütün fəaliyyət istiqamətləri üzrə geniş cəlb edilir, həyata keçirilən islahatlara öz töhfəsini verir. Təsadüfi deyil ki, Ədliyyə Nazirliyinin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığı və ictimai iştirakçılıq mexanizmlərinin uğurlu tətbiqi, bu sahədə müsbət təcrübəmiz örnək kimi qiymətləndirilir.

Bununla yanaşı, cəmiyyətimizin həssas təbəqəsi olan məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasına xüsusi önəm verilir. Bu sahədə dövlət siyasətinin təzahürü olaraq həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında ayrıca qanun qəbul edilmiş, onların imtiyazları genişləndirilmiş, saxlanma şəraiti, tibbi və digər təminatlarının yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilmişdir.

Eyni zamanda, məhkumların reinteqrasiyasında innovativ yanaşma tətbiq olunur, cəza çəkənlərin, xüsusilə qadın və yeniyetmə məhkumların qayğı və problemləri ilə maraqlanılaraq onların hüquqlarının təminatı, islah prosesinin və asudə vaxtının səmərəli təşkili ilə bağlı sorğular keçirilir, həmçinin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi şəraitində yeniyetmə məhkumların valideynləri ilə ünsiyyət qurmaları üçün videokonfrans formatında görüşlər təşkil edilir.

Həmçinin onların ayrı-ayrı ixtisaslara, peşə sahələrinə olan marağı öyrənilir, bu zaman İctimai Komitənin imkanlarından geniş istifadə olunur.

Bununla bağlı nazirlik tərəfindən məhkumların istəkləri nəzərə alınaraq ali təhsil müəssisələrinin professor-müəllim heyəti, tələbə-həmkarlar təşkilatları, vətəndaş cəmiyyəti institutları, hüquq müdafiəçiləri, vəkillər, psixoloqlar dəvət olunmaqla cəzaçəkmə müəssisələrində məhkumların bilik və bacarıqlarının artırılması, peşə hazırlığı ilə bağlı çoxşaxəli, mühüm tərbiyəvi əhəmiyyət kəsb edən tədbirlər, xarici dil və müxtəlif peşə kursları təşkil olunmuş, onlara hüquq və vəzifələri, cəmiyyətə yenidən inteqrasiyası və digər məsələlərlə bağlı müxtəlif pulsuz hüquqi, habelə sosial davranışı, emosional psixoloji vəziyyətin yaxşılaşdırılması və reabilitasiyası ilə bağlı psixoloji yardım göstərilmişdir.

Bütün bunlar azadlığa buraxıldıqdan sonra məhkumların yeni yiyələndikləri peşələr hesabına məşğulluğuna, işlə təminatına, bütövlükdə azad cəmiyyətə daha tez uyğunlaşmasına imkan yaradır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə, ölkənin sosial-iqtisadi inkişafına, insan hüquqlarının etibarlı təmin olunmasına, demokratik hüquqi dövlət quruculuğuna xidmət edən konsepsiyalarının uğurla həyata keçirilməsinin təzahürü olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 17 illik fəaliyyəti ulu öndərin yaratdığı müasir müstəqil Azərbaycan dövlətinin hərtərəfli tərəqqisini, xalqımızın böyük qələbəsini təmin etmişdir.

Müzəffər Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsində xalqımızın həmrəyliyi və ordumuzun qəhrəmanlığı ilə doğma torpaqlarımızı erməni işğalından azad etməklə Ümummilli Liderin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirmişdir.

Bu gün qürur hissi ilə deyə bilərik ki, ölkəmiz Ulu Öndər yolu ilə gedərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və möhkəmlənir, azad edilmiş doğma torpaqlarımız yenidən dirçəlir. Dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə yorulmaz fəaliyyəti sayəsində doğma Vətənimiz gündən-günə çiçəklənəcək, Qarabağımız əsl cənnətə çevriləcəkdir.

Aynur Sabitova,

Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi