Heydər Əliyevin Azərbaycana həsr etdiyi ömrü və qələbəni gətirən strategiyası

Ruhun şad olsun, Ümummilli lider: Bayrağımız artıq Şuşada dalğalanır...

Ümumilli lider Heydər Əliyevin həyatının Azərbaycandan ibarət olduğunu desək yanılmarıq. Hələ 1969-cu ildə - SSRİ-nin ən sərt və güclü dövründə belə Heydər Əliyev Azərbaycan uğrunda mübarizə aparırdı.

1969-cu ildə Heydər Əliyev SSR Azərbaycanın rəhbərliyinə gələndə ölkə aqrar respublika kimi tanınır, bir çox sahədə geridə qalırdı. Məhz Heydər Əliyev Azərbaycanı qabaqcıl ölkəyə çevirdi, SSRİ kimi “dəmir qanunların” olduğu, milli maraqların “dəfn edildiyi” və milliliyin önə çəkilməsinə görə ən sərt cəzaların verildiyi rejimdə öz ölkəsinin maraqlarını müdafiə xəttini tutdu.

İstehsalat müəssisələri ölkəyə gətirildi, müstəqillik dövründə də ölkə iqtisadiyyatının inkişafına təsir göstərən zavodlar, fabriklər işə düşdü.

Heydər Əliyev eyni zamanda milli köklərin unudulmaması istiqamətində mühüm addımlar atdı. Moskvanın “vahid sovet xalqı” idealogiyasına rəğmən, Azərbaycanın bütün sferalarında milliləşdirmə siyasəti aparılır və dahi lider bütün bunları şəxsi nüfuzunun hesabına həyata keçirirdi. Onun ana dilinə xüsusi qayğısı milli siyasətin bazasını təşkil edirdi.

1978-ci il Azərbaycan SSR Konstitusiyası qəbul olunanda Heydər Əliyev tarixi gedişlə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail oldu. Bu, SSRİ rejimində olduqca cəsarətli, bir o qədər də təhlükəli addım idi. Lakin o, Moskvanı fakt qarşısında qoydu və buna nail oldu. Milli köklərin təbliği üçün film sahəsində tarixi mövzulara geniş yer verildi. Azərbaycanın qəhrəmanlıq səlnaməsindən bəhs edən “Babək” filminin çəkilişləri bunun ən bariz nümunələrindəndir. Bu film Heydər Əliyevin təşəbbüsü ilə çəkilib.

Heydər Əliyev 1982-ci ildə SSRİ rəhbərliyində vəzifəyə başlayanda da əsas işi Azərbaycanın inkişaf etdirilməsi idi. Məhz onun rəhbərliyi dövründə Azərbaycanda müasirləşmə, milliləşmə və güclənmə dövrü başlandı.

Təsadüfi deyil ki, Heydər Əliyev SSRİ miqyasında mühüm layihələrin Azərbaycanda icra edilməsinə nail olur, xalqımızın bu layihələrdən faydalanmasını həyata keçirirdi. Tarix göstərir ki, Heydər Əliyev müstəqil, güclü Azərbaycanın təməllərini hələ SSRİ dövründən atırdı.

Bütün bu fəaliyyətinə görə daim təzyiqlərə məruz qalırdı. Hələ 1969-cu ildən başlayaraq, ermənilər Moskvaya anonim məktublar göndərir, Heydər Əliyev haqqında yalanlar, iftiralarla dolu kampaniyalar aparırdı.

1987-ci ildə ermənilər və Qorbaçov istəyinə nail oldu, Heydər Əliyev vəzifəsindən uzaqlaşdırıldı. Cəmi bir il sonra – 1988-ci ildə Qarabağda erməni separatizmi baş qaldırdı. Heydər Əliyev faktoru ermənilərə Azərbaycan torpaqlarını işğal etməyə imkan vermirdi, onun vəzifədən çıxarılmasından sonra separatizmin yolu açıldı.

Daha sonra Qorbaçovun Azərbaycana qarşı siyasəti aktivləşdi, nəticədə 20 Yanvar faciəsi yaşandı. Çoxları Kremlə qarşı çıxmaq qorxusu ilə susanda Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və “qırmızı imperiya”nın üzünə açıq şəkildə qatil olduğunu dedi, əli azərbaycanlıların qanına batmış cinayətkarların cəzalandırılmasını tələb etdi və etiraz olaraq, Kommunist Partiyasının biletini tulladı.

1990-cı ilin iyulunda Heydər Əliyev Azərbaycana qayıtdı, əvvəlcə Bakıda yaşasa da, sonradan Naxçıvan Muxtar Respublikasına köçdü və ölkədə müharibənin getdiyi, dövlətin dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ən həssas coğrafiya olan Naxçıvanı düşmən təhlükəsindən xilas etdi. Ulu Öndər üçrəngli bayrağımızı ilk dəfə Naxçıvanda qaldırmaqla Azərbaycan dövlətinin müstəqilliyinin yenidən bərpa edilməsinin əsasını qoydu.

Bakıda və respublikanın digər bölgələrində vəziyyət olduqca acınacaqlı idi. Cəbhədə müharibə gedir, hakimiyyət daxilində isə nüfuz müharibəsi aparılır, ölkə parçalanmaq təhlükəsinin kandarına gəlmişdi. Orduda nizam-intizam yox idi, fərarilik sürətlə artırdı, rayonlarda icra başçıları ilə hərbi komandirlər arasında mənsəb davası baş alıb gedirdi, bir tərəfdən separatizm, digər tərəfdən Sürət Hüseynovun hərbi dəstələri Azərbaycanı de-fakto bölmüşdülər.

15 iyun 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xilas oldu. Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi, 1993-cü il iyunun 15-də Ali Məclisin sədri seçildi. Onun ölkəni dağılmaqdan xilas etməsi 15 iyunun Azərbaycan təqvimində Milli Qurtuluş Günü olaraq qeyd edilməsinə əsas yaratdı.

Heydər Əliyev hakimiyyətə qayıdan kimi ölkənin parçalanması təhlükəsini aradan qaldırdı, nizami ordu yaratdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

Bütün bunlarla yanaşı, torpaqlarımızın azad edilməsi strategiyasını da hazırladı. Bu strategiyanın əsasını Ermənistanı blokadaya salmaq, ərazilərdən çıxmağa məcbur etmək idi.

Torpaqlarımızı azad görmək onun ən böyük arzusu idi. Şuşada üçrəngli bayrağımızın dalğalanması onun amalı idi. Və bütün həyatını buna həsr etdi.

Ömür vəfa etmədi, amma məhz onun hazırladığı strategiya bu gün yaşadığımız böyük Zəfərin, qələbənin əsasını qoydu.

2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev Heydər Əliyev strategiyasını uğurla davam etdirdi. Torpaqlarımızın azad edilməsi istiqamətində yolrumadan mübarizə apardı və işğalçı ölkənin dalana çevrilməsi üçün bütün yollarını bağladı.

Nəhayət, bu dərin strategiya öz bəhrəsini verdi. 2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən müharibədə Azərbaycan 30 ilə yaxındır işğalda qalan torpaqlarını azad etdi, Azərbaycan ordusu 4 ilə torpaqlarımızı işğal edən düşməni cəmi 44 günə darmadağın etdi.

Və Azərbaycan bayrağı 30 il sonra o torpaqlarda dalğalandı, Şuşaya sancıldı. Bu, Heydər Əliyevin ən böyük arzusu və vəsiyyəti idi.

Prezident İlham Əliyev Şuşanın azad edilməsi münasibətilə xalqa müraciətində bu haqda belə demişdi:

“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Ruhun şad olsun, Ümumilli lider, vəsiyyətin həyata keçirildi, uğrunda döyüşdüyün üçrəngli bayrağımız Şuşada və işğaldan azad edilən torpaqlarda dalğalanır, sənin həyatını sərf etdiyin mübarizə öz bəhrəsini verdi...

Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru